CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çağırışçı həkimlər istifadə edilməyən narkotikləri növbə dəyişməsində təhvil verməyib

Hesablama Palatası Gəncə Şəhər Birləşmiş Xəstəxanasında aparılmış auditə dair məlumat yayıb.
Sputnik
BAKI, 28 fevral — Sputnik. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin aptek otağında saxlanılan narkotik vasitələrin miqdarı göstərilən tələbata uyğun olmayıb, çağırışçı həkimlər tərəfindən tələbnamə əsasında götürülən narkotik vasitələrin, istifadə olunmadığı halda, növbənin dəyişməsi zamanı təhvil-təslim edilmədiyi, narkotik vasitələrin üzərində nəzarətin qanunvericiliyin tələblərinə uyğun təşkil edilmədiyi müəyyən edilib.
Bu, Hesablama Palatasının 2023-cü ilin iş planına əsasən Gəncə Şəhər Birləşmiş Xəstəxanasında həyata keçirdiyi auditin nəticələrində yer alıb.
Eyni zamanda, laboratoriya müayinə sənədləri olmadan analıq və terapevtik xəstəlik məzuniyyəti üçün xəstəlik vərəqələri verilib, bəzi hallarda verilmiş xəstəlik vərəqinin müddəti ilə elektron sistem üzrə məlumatlar uyğun olmayıb, hamiləliyə görə analıq məzuniyyəti vərəqi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozularaq gecikmə ilə verilməsi halları müəyyən edilib. Eləcə də, 1 halda 10 ay ərzində psixotrop hesab edilən 2 dərman 10 dəfə təyin edilib.
2023-cü ilin iş planına əsasən həyata keçirilmiş audit Gəncə Şəhər Birləşmiş Xəstəxanası tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə olunmasının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb.