CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana gətirilib

Bundan əvvəl cari ildə beynəlxalq axtarışda olan üç nəfər Kolumbiya, Macarıstan və Polşadan Azərbaycana gətirilib.
Sputnik
BAKI, 24 fevral - Sputnik. Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, nazirlik İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun beynəlxalq axtarışa verdiyi Azərbaycan vətəndaşı Marvud Vaqifzadəni ölkəmizə ekstradisiyasını həyata keçirib.
Belə ki, 2021-ci ildə “Vorld Telekom” MMC-nin Yasamal filialında kredit mütəxəssisi vəzifəsində işləyərkən saxtakarlıq edərək qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgənin əmlakını ələ keçirtməkdə (AR Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri) ittiham edilmiş M.Vaqifzadənin yeri Almaniyada müəyyən olunub və o, həbs edilib.
Həmin şəxsin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun Ədliyyə Nazirliyinin təqdim etdiyi zəmanətlər əsasında razılıq əldə olunaraq o, nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Almaniyadan ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Qeyd edək ki, bundan əvvəl cari ildə beynəlxalq axtarışda olan üç nəfər Kolumbiya, Macarıstan və Polşadan Azərbaycana gətirilib.