BAKI, 23 fevral — Sputnik. Türkiyə vətəndaşları ilə 2023-cü ildə evlənən əcnəbi gəlinlərin 9%-dən çoxu azərbaycanlı xanımlardır. Beləliklə, azərbaycanlı qızlar Türkiyədə əcnəbi gəlinlər reytinqində ilk beşliyə daxil olub. Bu barədə Türkiyə Statistika Bürosu (TUIK) cümə axşamı məlumat verib.
Büronun hesabatına görə, 2023-cü ildə 31029 nəfər əcnəbi qadın nikaha daxil olub ki, bu da ümumilikdə ailə qurmuş gəlinlərin 5,5%-ni təşkil edir.
Türkiyə üçün ən "məşhur" gəlinlər Özbəkistan vətəndaşları olub - 12%, suriyalı xanımlar da təxminən eyni nəticə ilə - 11%-lə ikinci yerdədirlər. Xarici vətəndaşlarla evlənən türkiyəli kişilərinin 9%-dən çoxu isə azərbaycanlı xanımlara üstünlük verib.
Məlumata görə, 2023-cü ildə Türkiyədə əcnəbi gəlinlərin 7,5%-ini rusiyalı qızlar təşkil edib.
Ötən il 6 min nəfərdən çox olan əcnəbi bəylərə gəlincə, demək olar ki, onların 22%-i Almaniya, 19%-dən çoxu Suriya və 5%-i Avstriya vətəndaşları olublar.
Türkiyədə ilk nikah yaşı artmaqda davam edir. Kişilər orta hesabla 28,3, qadınlar isə 25,7 yaşla evlənirlər. Əsrin əvvəlində bu rəqəm müvafiq olaraq 26 və 22,7 yaş səviyyəsində olub.
Büronun məlumatına görə, ən yüksək boşanma nisbəti ölkənin qərbində yerləşən İzmir vilayətində qeydə alınıb. Bütövlükdə ölkədə boşanmaların əksəriyyəti evliliyin ilk beş ilində baş verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.