BAKI, 23 fevral — Sputnik. Bakıda, Rixard Zorge adına parkda Böyük Vətən Müharibəsində həlak olan əsgərlərin abidəsi önünə əklilqoyma mərasimi olub.
Mərasimdə Azərbaycan paytaxtında keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar iclasında iştirak edən Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun rəhbərlik etdiyi rusiyalı senatorlar və deputatlar iştirak ediblər.
Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Boris Çernışov "Sputnik Azərbaycan"a müsahibəsində qeyd edib ki, hazırda bu platforma mühüm əhəmiyyət kəsb edir.
O qeyd edib ki, APA-nın 14-cü plenar sessiyasında fərqli mövqelər səslənib, lakin bunlardan başlıcası sülh, qarşılıqlı dəstək, ədalət və qərar qəbul prosesində hamının bərabər hüquqlu iştirakı əsasında əməkdaşlıq əhval-ruhiyyəsidir.
"Rusiya Federasiyasının Dövlət Duması təkcə formal qarşılıqlı fəaliyyətə deyil, həm də iqtisadiyyat, mədəni qarşılıqlı fəaliyyət, sosial siyasət, miqrasiya problemləri, enerji məsələləri sahəsində mühüm qərarların qəbulundan ibarət olan illər ərzində sübut olunmuş dostluğa hazırdır. Cənubi Qafqazda təhlükəsizlik və asayişin qorunması, bu gün Prezident Vladimir Putin tərəfindən müəyyən edilmiş Rusiyanın xarici siyasət vektorunun əsas istiqamətidir" - Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini vurğulayıb.
Rusiya Parlamentinin Aşağı Palatasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Kazbek Taysayev "Sputnik Azərbaycan"a müsahibəsində qeyd edib ki, tədbir çox gərgin proqrama malikdir, ikitərəfli görüşlər çox maraqlı keçir.
Qeyd edək ki, Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası sabah, fevralın 24-də öz işinə yekun vuracaq.
Xatırladaq ki, APA-ya Azərbaycan və Rusiya da daxil olmaqla 42 ölkənin parlamenti daxildir, Asiya ölkələrinin 17 qanunverici orqanı müşahidəçi statusuna malikdir.