doqquz BAKI, 23 fevral — Sputnik. Bu gün Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin 78 yaşı tamam olacaqdı. Onun adı Rusiya futbolunun tarixinə əbədi həkk olunub. Banişevski təkcə görkəmli hücumçu deyil, həm də Bakı "Neftçi"sinin və SSRİ yığmasının əsl simvolu idi.
Banişevski Bakıda molokan ailəsində doğularaq boya-başa çatıb və bütün həyatını bu şəhərə həsr edib. O, futbola Bakının "Lokomotiv" klubunda başlayıb, 16 yaşında isə "Neftçi"də (o zaman "Neftyanik") çıxış edib. Gənc futbolçunun istedadını dərhal sezən məşqçilər onu tez bir zamanda komandanın əsas heyətinə daxil etdilər. Digər sovet klublarının diqqətini cəlb edən Anatoliyə Moskva və Kiyevdə oynamaq təklif edilsə də, o, həmişə doğma "Neftçi"yə sadiq qalıb.
On doqquz yaşında məşqçi Nikolay Morozov onu SSRİ yığmasına dəvət etdi. Yığmanın tərkibində Banişevski səkkiz oyunda yeddi qola imza atdı. "Banya" - onu belə çağırırdılar - qollardan birini, özünün dediyi kimi, "Marakana" stadionunda braziliyalıların qapısına 30 metrdən başla zərbə ilə vurmuşdu. 1966-cı ildə o, SSRİ komandasının dördüncü yeri tutaraq yarımfinala yüksəldiyi Dünya Çempionatında iştirak etdi. Elə həmin il "Neftçi" İttifaq çempionatında bürünc medalı qazandı.
SSRİ yığmasının finalda Almaniyaya uduzaraq (0:3) ikinci yeri tutduğu 1972-ci il Avropa çempionatından sonra o, artıq ölkənin əsas komandasına dəvət edilmədi. Futbol rəsmiləri məğlubiyyətin günahkarı kimi Banişevski və bir sıra başqa futbolçuların adlarını çəkmişdilər. Üstəlik, bu hərəkət matçdan dərhal sonra paltardəyişmə otağında kobud şəkildə edilmiş və özünü saxlaya bilməyən Anatoli bu ittihamlara cavab vermişdi.
SSRİ yığmasından uzaqlaşdırılması futbolçuya güclü təsir etdi. O, hətta karyerasını bir müddət yarımçıq qoydu. Amma sonra yenidən futbola qayıtdı və 1978-ci ilə kimi "Neftçi"də çıxış etdi.
"Banya" butsunu asdıqdan sonra bir müddət "Neftçi"də məşqçi kimi çalışıb, eyni zamanda Burkina Faso gənclər komandasına rəhbərlik edib. Ancaq ailədə və alkoqolla bağlı problemlər pankreatit, şəkərli diabet və qaraciyər sirrozu da daxil olmaqla çoxsaylı xəstəliklərə səbəb oldu. Banişevski 1997-ci il dekabrın 10-da dünyasını dəyişdi. O, Fəxri Xiyabanda dəfn edilib.
Masallıdakı stadion Anatoli Banişevskinin adını daşıyır. Onun şərəfinə vaxtaşırı Bakıda gənclər arasında futbol üzrə beynəlxalq turnirlər təşkil olunur. 2003-cü ildə AFFA UEFA-nın futbol ittifaqının 50 illiyinə həsr etdiyi sorğuda Banişevskini Azərbaycanın son 50 ildə ən yaxşı futbolçusu elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.