HƏRBİ

Ən böyük müqavilə: Azərbaycanın aldığı Pakistan qırıcılarının xüsusiyyətləri

Azərbaycan və Pakistan arasında imzalanmış müqavilənin dəyəri 1,6 milyard dollardır. Bura təyyarə, təlim və sursatlar daxildir.
Sputnik
BAKI, 23 fevral — Sputnik. Pakistanın aviasiya kompleksi Azərbaycan Hərbi Hava Qüvvələri ilə ölkə tarixində ən böyük ixrac müqaviləsini imzalayıb. "Air Operations Syndicate" bu barədə xəbər verib.
Belə ki, tərəflər modifikasiya olunmuş "JF-17C Blok-III"ün tədarükü barədə razılığa gəliblər. Müqavilənin dəyəri təyyarə, təlim və sursatlar daxil olmaqla 1,6 milyard dollardır.
Qeyd edək ki, ötən ilin yayında iki illik danışıqlardan sonra İraq və Pakistan Bağdadın müxtəlif növ "JF-17 Thunder" təyyarələrinin alınması barədə razılığa gəliblər. Beləliklə, İraq Pakistandan bu qırıcıların alınması ilə bağlı saziş imzalayan və onu uğurla başa vuran dördüncü ölkə olub. İraq mətbuatının məlumatına görə, söhbət 664 milyon dollara 12 qırıcı təyyarənin alınmasından gedib.
Əvvəllər Malayziya, Nigeriya və Myanma kimi ölkələr bu qırıcının alındıqlarını açıqlamış, Argentina da oxşar planlar barədə məlumat vermişdi.
JF-17 Thunder
Pakistan-Çin layihəsi
"JF-17 Thunder" Çin və Pakistanın birgə hazırladığı qırıcı-bombardmançıdır, eyni vaxtda 15 hava hədəfini izləmək və dörd hədəfi tutmaq qabiliyyətinə malikdir. Bu da onu, məsələn, Hindistanın "Tejas Mk.2" və Fransanın "Rafale"sindən daha effektiv edir.
Bu qırıcının Çin versiyası olan "Chengdu FC-1 Xiaolong", 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Çində istehsal olunan Sovet "MiQ-21" təyyarəsi əsasında Pakistan hökumətinin maliyyə dəstəyi ilə "Chengdu Aircraft Corporation" tərəfindən yaradılıb.
2009-cu ildə Çin və Pakistan "JF-17" qırıcılarının birgə seriyalı istehsalına başlamaq üçün müqavilə bağladılar və 2011-ci ilin avqust ayına qədər Pakistanda 26 ədəd "JF-17" istehsal edildi.
JF-17
"JF-17 Thunder" qırıcısının uzunluğu 14,97 metr, açıq vəziyyətdə qanadlarının ölçüsü 9,46 metr, hündürlüyü isə 4,77 metrdir.
Hazırda "JF-17 Block-III" "JF-17 Thunder" qırıcılarının ən son təkmilləşdirilmiş modelidir. Təyyarə "KLJ-7A" aktiv fazalı massiv antena şəbəkəsi və geniş bucaqlı holoqrafik displeylə təchiz edilib.
"JF-17 Blok-III" təyyarələrinin seriya istehsalına 2020-ci ildə başlanılıb. Bu versiya digər üstünlüklərlə yanaşı, uçuş zamanı yanacaq doldurma sisteminə və uzaq məsafədən hədəfi aşkar etməyə imkan verən yenilənmiş radar sisteminə malikdir. Bundan əlavə, təyyarə kabinədə bir neçə rəngli displey və dəbilqəyə quraşdırılmış nişangahla təchiz olunub ki, bu da təyyarəni idarə etməyi və hava döyüşü aparmağı xeyli asanlaşdırır.
JF-17
Təyyarə yüksək manevr və dartma qabiliyyətinə malik müasir yeni nəsil mühərriklə təchiz edilib. O, demək olar ki, dörd ton ağırlığında faydalı yük daşıyır, həmçinin qısa və orta mənzilli "hava-hava" və "hava-yer" raketləri, bombalar, gəmi və radar əleyhinə raketlər və xarici yanacaq çənləri daşıya bilər. Təyyarə iki ədəd 23 mm-lik topla təchiz olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.