BAKI, 23 fevral — Sputnik. Nəriman Axundzadə oyunun 120+2 -ci dəqiqəsində "Qarabağ"ın növbəti qolunu vurub. Beləliklə də, “Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.
Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyib.
Səfərdə 4:2 hesablı qələbə qazanan "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb. Ümumi hesab 6:5 olub.
Qeyd edək ki, oyunun birinci hissədə qapılara qol vurulmayıb. 57-ci dəqiqədə “Qarabağ” meydançada azlıqda qalıb. Müdafiəçi Elvin Cəfərquliyev qırmızı vərəqə alıb. Say üstünlüyündən istifadə edən qonaqlar 70-ci dəqiqədə hesabı açıblar. Rocer Fernandes yaxın məsafədən çərçivəni dəqiq nişan alıb. “Braqa” 83-cü dəqiqədə ikinci qolu vurub. Bu dəfə Alvaro Calo fərqlənib.
Portuqaliyalılar 90 dəqiqəni 2:0 hesabı ilə öndə tamamlayıblar. Ümumi hesab 4:4 olduğundan, əlavə 30 dəqiqə oynanılıb.
102-ci dəqiqədə Mateus Silva fərqlənərək, “Qarabağ”ı ümumi hesabda önə keçirib. Lakin 115-ci dəqiqədə Simon Banza penaltini dəqiq yerinə yetirərək, görüşdə hesabı komandasının xeyrinə 3:1-ə çatdırıb.
102-ci dəqiqədə Mateus Silva fərqlənərək, “Qarabağ”ı ümumi hesabda önə keçirib. Lakin 115-ci dəqiqədə Simon Banza penaltini dəqiq yerinə yetirərək, görüşdə hesabı komandasının xeyrinə 3:1-ə çatdırıb.
Ancaq təslim olmayan Azərbaycan çempionu 120+2-ci dəqiqədə növbəti mərhələni gətirən qolu vurub. Nəriman Axundzadə qapıçı ilə təkbətək şansı əldən verməyib. Nəticədə təmsilçimiz 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib.
Beləliklə, “Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub. Bu mərhələnin oyunları martın 7-də və 14-də keçiriləcək.
***
“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda dördüncü qol vurulub.
"Qarabağ"ın qapısına təyin edilən penalti nəticəsində "Braqa" oyunda 3-cü qolunu vurub.
115-ci dəqiqədə Simon Banza penaltidən vurduğu qolla komandasını 3:1 hesabı ilə önə keçirib. Ümumi hesab isə 5:5-dir.
***
“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda üçüncü qol vurulub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada bu dəfə meydan sahibləri fərqləniblər.
102-ci dəqiqədə Mateuş Silva vurduğu qolla hesabı 1:2 edib. Ümumi hesabda isə “Qarabağ” 5:4 önə keçib.
23:27
“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci qol vurulub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada bu dəfə qonaqlar rəqibi cəzalandırıblar.
83-cü dəqiqədə Alvaro Calo adını tabloya yazdırıb. “Braqa” 2:0 hesabı ilə öndədir.
23:15
“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın 70-ci dəqiqəsində qonaqlar qol sevinci yaşayıblar.
“Braqa”nın heyətində Rocer Fernandes fərqlənib.
22:46
“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşmada birinci hissə başa çatıb.
Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
21:46
“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma saat 21:45-də start götürüb.
Matçın baş hakimi bolqarıstanlı FIFA referisi Georgi Kabakovdur.
Braqadakı ilk matçda 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi bu üstünlüyü qoruyacaqları təqdirdə, tarixində ilk dəfə 1/8 finala yüksələcək.
20:40
Bakıda UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək “Qarabağ” və Portuqaliyanın “Braqa” klubunun start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüsenov, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Olavio Juninyo.
“Braqa”: 1. Mateus, 4. Siku Niakate, 15. Paulu Oliveyra, 2. Viktor Qomeş, 26. Kristian Borxa, 16. Rodriqo Salasar, 22. Pittsi, 28. Joau Moutinyu, 11. Rocer Fernandeş, 23. Simon Banza, 9. Abel Ruis
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. Portuqaliyada baş tutan ilk görüşdə Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb.
16.02.24, 01:57
Avropa Liqası: "Qarabağ" Portuqaliyada "Braqa"nı darmadağın edib
"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada "Braqa"nın qonağı olub.
Qarşılaşma Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə bitib - 4:2. "Köhlən atlar"ın qollarını 21-ci dəqiqədə Marko Yankoviç (pen), 54 və 69-cu dəqiqələrdə Abdullah Zubir, 65-ci dəqiqədə Olavio Juninyo vurublar.
Meydan sahiblərində 44-cü dəqiqədə Simon Banza, 90+1-ci dəqiqədə Joau Moutinyu (pen) fərqləniblər.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
15.02.24, 11:52
"Qarabağ" bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada "Braqa"nın qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü Danimarkadan olan Morten Kroq idarə edəcək.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
15 fevral
00:00. "Braqa" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Morten Kroq (Danimarka).
Braqa, "Estadio Municipal de Braga".
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.