SƏHİYYƏ

Uşaqlara eyni vaxtda bir neçə peyvənd etdirmək olarmı?

Eyni vaxtda bir neçə peyvəndin tətbiq edilməsi uşağın immun sistemini pozmur.
Sputnik
BAKI, 22 fevral — Sputnik. Uşaqlara bir neçə peyvəndin eyni vaxtda vurulması məsələsinə aydınlıq gətirilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, eyni vaxtda bir neçə peyvəndin tətbiq edilməsi uşağın immun sistemini pozmur:
"Uşağınızı təhlükəli xəstəliklərdən qorumaq üçün tələb olunan səviyyədə immunitetin yaranmasını təmin etmək vacibdir. Bunun üçün peyvəndin bütün dozaları profilaktik peyvənd təqviminə uyğun vaxtında vurulmalıdır".
Qeyd edək ki, Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Profilaktik peyvəndlər təqviminə əsasən 10 yaşa qədər uşaqların vaksinasiyası davamlı olaraq həyata keçirilir.
Qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi qızılcaya həssas 11-40 yaşlı əhali qruplarını da infeksiyaya qarşı peyvənd olunmağa çağırıb. Vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər.