BAKI, 21 fevral — Sputnik. Rusiya beşinci nəsil qırıcı - "Kaan" ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib.
Türkiyə KİV-ləri məlumat verib ki, bu barədə Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov deyib.
O söyləyib ki, Moskva əməkdaşlığa hazırdır: "Hərbi və texniki əməkdaşlığı gücləndirmək istəyirik. Əvvəllər də təkliflərimiz olub. Bu təyyarələrlə bağlı birgə istehsal barədə rəsmi qurumlar və şirkətlər arasında müxtəlif səviyyələrdə işlər görüldü. Müvafiq şirkətlər və qurumlar birlikdə işləməyə hazır olduqlarını bildiriblər".
Xatırladaq ki, "Kaan" Türkiyənin milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin F-35 qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib.
Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan "Kaan" döyüş təyyarəsi ilk uçuşunu bu gün səhər saatlarında həyata keçirib.
Qeyd olunub ki, beşinci nəsil qırıcı təyyarə ilk uçuşunu uğurla başa vurub.