RUSİYA

Rusiya XİN Navalnının ölümünə reaksiyalara cavab verib

Mariya Zaxarova bildirib ki, NATO liderləri məhkəmə-tibbi ekspertizanın nəticələrini gözləmədən öz nəticələrini hazırlayıblar.
Sputnik
BAKI, 16 fevral — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO ölkələri liderlərinin Rusiyalı müxalif siyasətçi, videobloger Aleksey Navalnının* ölümünə dərhal reaksiya vermələrini "özlərini ifşa etmə" adlandırıb.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi özünün "Telegram" kanalında yazıb.
Diplomat qeyd edib ki, hazırda hələ məhkəmə-tibbi ekspertizanın nəticəsi yoxdur, lakin Qərbdə nəticələr "artıq hazırdır".
"NATO ölkələri liderlərinin Navalnının* ölümünə görə Rusiyaya qarşı birbaşa ittihamlar şəklində dərhal reaksiya vermələri özlərini ifşa etmək deməkdir. Hələlik məhkəmə-tibbi ekspertizası yoxdur, ancaq Qərbin nəticələri artıq hazırdır" - Zaxarova bildirib.
Xatırladaq ki, Federal Penitensiar Xidmətin regional idarəsinin məlumatına görə, Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı islah koloniyasında Aleksey Navalnı* dünyasını dəyişib. Cəzaçəkmə müəssisəsində məhkum A.A.Navalnı* gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Dərhal müəssisənin tibb işçiləri gəliblər və təcili tibbi yardım briqadası çağırılıb. Məhkum üzərində aparılan reanimasiya tədbirləri müsbət nəticə verməyib. Hazırda Navalnının* ölüm səbəbləri müəyyənləşdirilir.
*Terrorizm və ekstremizmlə məşğul olanların reyestrinə daxil edilmişdir.