BAKI, 16 fevral — Sputnik. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı hərbi attaşelik aparatının nümayəndələri Moskva şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin hərbi təhsilin idarəetmə orqanları rəhbərlərinin iclasında iştirak ediblər.
MDB Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkinin sədrliyi ilə keçirilən iclasda 2023-cü il ərzində həyata keçirilmiş fəaliyyətlər təhlil olunub, o cümlədən 2024-cü il üçün nəzərdə tutulmuş tədbirlər müzakirə edilib. Həmçinin müxtəlif mövzularda aidiyyəti şəxslərin çıxışları dinlənilib, müasir çağırışlar fonunda MDB məkanında hərbi təhsil sistemlərinin qarşılıqlı inteqrasiya imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.
Rusiya Federasiyasındakı hərbi attaşelik aparatının nümayəndələri Moskvada keçirilən iclasda iştirak ediblər
Sonda iclasın gedişatı və aparılmış müzakirələrə dair protokol imzalanıb.
Ermənistan MDB-nin iştirakçı dövlətlərinin hərbi təhsilin idarəetmə orqanları rəhbərlərinin Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən iclasına qatılmayıb.
Yayılan fotodan məlum olur ki, iclasa MDB-yə üzv dövlətlərdən Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri qatılıb. Fotoda Ermənistan bayrağı və nümayəndəsi yoxdur.
Xatırladaq ki, rəsmi İrəvan bundan əvvəl də MDB-nin bəzi tədbirlərində iştirak etməyib.