RUSİYA

Putin: Bugünkü almanlar nasist Almaniyasına görə məsuliyyət daşımırlar

Rusiya lideri Almaniya mətbuatında Almaniyanın xarici işlər naziri Annalena Berbokun babasının nasist olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sputnik
BAKI, 15 fevral — Sputnik. Almanların bugünkü nəsli nasist Almaniyasının əməllərinə görə məsuliyyət daşımamalıdır.
Rusiya Prezidenti Vladimir Putin bu barədə jurnalist Pavel Zarubinə onun "Telegram" kanalında dərc olunan müsahibəsində bildirib.
Beləliklə, Rusiya lideri Almaniya mətbuatında Almaniyanın xarici işlər naziri Annalena Berbokun babasının nasist olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
"Biz Hitler və onun əlaltılarının nəinki Almaniyada, həm də dünyanın digər yerlərində, Avropada və s. etdiklərinə görə bugünkü nəslin insanlarının üzərinə məsuliyyət qoya bilmərik. Düşünürəm ki, bu, ədalətsizlik olardı" - Putin bildirib.
O vurğulayıb ki, Sovet İttifaqı xalqlarının yaşadıqlarından sui-istifadə etmək olmaz. Vladimir Putinin fikrincə, bu günün reallıqlarına diqqət yetirmək, ölkələrin onilliklər əvvəl deyil, hazırda yürütdükləri siyasətləri qiymətləndirmək lazımdır.
Daha əvvəl Almaniyada Berbokun babası haqqında Vermaxt dosyesi ortaya çıxıb. Dosyeyə görə, ideoloji nasist olan baba müharibə illərində bölmələrdən birində mühəndis vəzifəsində çalışmış və "hərbi xidmətlərə görə" Hitler xaçı almışdır.