BAKI, 15 fevral — Sputnik. Dövlətimiz dünyada baş verən qlobal çağırışlara adekvat yanaşma nümayiş etdirir. Son illər qeyri-neft-qaz sektorunda aparılan islahatlar və dəstək tədbirləri bu gün iqtisadi artımın dayanıqlığını təmin edir.
Bu sözləri "Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər" mövzusunda forumda iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayıl Cabbarov deyib.
M.Cabbarov qeyd edib ki, 2023-cü ildə qeyri-neft-qaz sektoru 3,7 faiz artım dinamikasına malik olub: "2024-cü ili Azərbaycan iqtisadiyyatı yüksək göstəricilərlə başlayıb".
O bildirib ki, bizim istəyimizdən asılı olmayaraq bir sıra dövlətlər, həmçinin ticarət tərəfdaşımız olan ölkələr artıq öz qanunlarını qəbul ediblər. Bizdə istehsal olunan məhsul bu dövlətlərə göndəriləndə həmin məhsulun karbon izi hesablanaraq əlavə vergilər, kvotalar, məhdudiyyətlər tətbiq edilir. Bu proses genişlənərək digər ölkələri də əhatə edəcək.
Nazir deyib ki, öz müəssisələrimizin rəqabət qabiliyyətini qoruyub saxlamaq istəyiriksə, bu tənzimləyici alətləri vaxtında müzakirə etməliyik.
"Arzum budur ki, ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarının heç olmasa birini bərpa olunan yaşıl enerji ilə qidalandıra bilək" - Mikayıl Cabbarov vurğulayıb.