RUSİYA

Rusiya XİN Bakı və İrəvana çağırış edib

Rusiyalı diplomat bildirir ki, bütün məsələlər müstəsna olaraq sülh, siyasi və diplomatik vasitələrlə həll edilməlidir.
Sputnik
BAKI, 14 fevral — Sputnik. Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır və tərəfləri deeskalasiya üçün addımlar atmağa çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Biz Bakı və İrəvanı qətiyyətlə təmkin nümayiş etdirməyə, gərginliyin azaldılması üçün addımlar atmağa və vəziyyətin daha da pisləşməsinə gətirib çıxaracaq hərəkətlərdən çəkinməyə çağırırıq. Bütün məsələlər müstəsna olaraq sülh, siyasi və diplomatik vasitələrlə həll edilməlidir. Baş verənlər 2020-2022-ci illər arasında Azərbaycan və Ermənistanın ən yüksək səviyyədə imzaladığı üçtərəfli sazişlər kompleksinin həyata keçirilməsinə tezliklə qayıtmağın zəruriliyini bir daha təsdiqləyir. Moskva əmindir ki, ərazi mübahisələri Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll edilməlidir. Biz bu prosesə məsləhətçi yardım göstərməyə hazırıq" - Zaxarova bildirib.

Fevralın 12-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Ermənistan ərazisindən açılan atışma nətivcəsində bir azərbaycanlı sərhədçinin yaralandığını bildirib. Fevralın 13-də səhər saatlarında Azərbaycan Dövlət Sərhəd Xidməti cavab olaraq "qisas əməliyyatı" həyata keçirdiyini, nəticədə Ermənistanın döyüş postunun məhv edildiyini açıqlayıb. İrəvan 4 erməni əsgərinin öldüyünü təsdiqləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.