RUSİYA

Qərb Bakı ilə İrəvan arasında nizamlanmaya təsir göstərməyə çalışır - Serdyukov

KTMT-nin Birləşmiş Qərargah rəisi bildirib ki, ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin ehtiyatlarına və Mərkəzi Asiyaya birbaşa çıxışı təmin etmək cəhdləri var.
Sputnik
BAKI, 14 fevral — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sərhədlərində mövcud vəziyyət təşkilatın hərbi potensialının gücləndirilməsini tələb edir. Bunu KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov brifinqdə deyib.

"Dünyada, o cümlədən təşkilata üzv olan dövlətlərə bitişik regionlarda baş verən proseslərin dinamikası, beynəlxalq münasibətlərin transformasiyası, çağırış və təhdidlər dairəsinin genişlənməsi kollektiv təhlükəsizliyin təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsi və sistemli şəkildə həyata keçirilməsi zərurətini diktə edir. Hərbi təhlükəsizliyə təhdidlərin əsas mənbəyi ABŞ və Qərb ölkələrinin dağıdıcı fəaliyyəti olmaqda davam edir, bunun nəticəsində hərbi təhlükəsizliyi təmin edən strukturlar yaradılıb. BMT Nizamnaməsi prinsiplərinə əsaslanan qlobal təhlükəsizlik məhv edilir" - Serdyukov bildirib.

Serdyukov onu da qeyd edib ki, Şərqi Avropada KTMT üçün əsas problemlər siyasi, maliyyə, iqtisadi və informasiya sferasında Qərb ölkələrinin davamlı təzyiqləri, habelə NATO-nun davam edən hərbiləşdirilməsini nəzərə alaraq Şərqə doğru genişlənməsi idi.
Serdyukov deyib ki, KTMT Azərbaycan-Ermənistan sərhədində yüksək münaqişə potensialını görür, vəziyyəti normallaşdırmaq üçün sülh müqaviləsi tələb olunur:
"Ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin ehtiyatlarına və Mərkəzi Asiyaya birbaşa çıxışı təmin etmək cəhdləri var. Digər məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sərhədinin potensialından fəal şəkildə istifadə olunur. Sülh sazişinin bağlanması vəziyyətin gələcək nizamlanmasında mühüm olaraq qalacaq".

"Qərb Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Bakı ilə İrəvan arasında münaqişədən sonrakı nizamlanmaya təsir göstərməyə çalışır" - Serdyukov bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.