AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət edib

Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edərək, "Əbədi məşəl" abidəsinin önünə gül dəstələri qoyublar.
Sputnik
BAKI, 14 fevral — Sputnik. Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.
Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edərək, "Əbədi məşəl" abidəsinin önünə gül dəstələri qoyublar.
Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr ediblər.
Sonra xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşılayıblar.
Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olunub.
Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Azərbaycan Respublikası Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib:

"Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!"

Sonra Prezident müqəddəs "Qurani-Şərif"ə əl basaraq and içib:

"Əlimi "Qurani-Şərif"ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam".

Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Prezident İlham Əliyev təzim edərək, Azərbaycan Respublikasının Dövlət Bayrağını öpüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyib.
Qeyd edək ki, İlham Əliyev 92,12 faiz səslə prezident seçkilərində qalib gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.