BAKI, 10 fevral - Sputnik. Hakerlər hər gün Kremlin saytına onlarla kiberhücum edirlər.
“TASS” xəbər verib ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Hər hansı qeyri-adi hücumların olub-olmadığını bilmirəm. Amma Kremlin saytına hər gün onlarla hücum həyata keçirilir. Bir il ərzində hər gün” - Kremlin sözçüsü hakerlərin Rusiya lideri Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsinin dərcinə mane olmağa cəhd edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Peskovun sözlərinə görə, əvvəllər güclü DDoS hücumları qeydə alınıb. Bundan əlavə, hakerlər sayta nəzarəti ələ keçirməyə çalışıblar.
Rusiya liderinin mətbuat katibi əlavə edib ki, xüsusi xidmət orqanları resursu qorumaq üçün “gecə-gündüz işləyirlər”.
Qeyd edək ki, Vladimir Putinin Taker Karlsonla müsahibəsi fevralın 9-da Kremlin saytında dərc olunub. O, iki saat altı dəqiqə davam edib. Dövlət başçısı jurnalistə Ukrayna münaqişəsi, Rusiyanın ABŞ, Şimali Atlantika Alyansı, Qərblə münasibətləri barədə danışıb, digər mövzulara da diqqət yetirib.
Bundan əvvəl Dmitri Peskov Vladimir Putinin Taker Karlsona verdiyi müsahibənin Rusiya lideri üçün ən böyük medianın anglosaks nəzarətində olduğu Qərbdə eşidilmək üçün yaxşı bir fürsət olduğunu bildirmişdi.