BAKI, 9 fevral — Sputnik. Son günlər Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi 13 M ünvanda yerləşən çoxmərtəbəli binanın yerləşdiyi ərazidə müşahidə olunan mühəndis-geoloji vəziyyətlə əlaqədar vətəndaş müraciətlərinə (4 fərdi müraciət) əsasən, Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazilərə baxış keçirilib, yaranmış vəziyyət qiymətləndirilib.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib.
O qeyd edib ki, hazırda binanın yerləşdiyi ərazidə yer səthində müxtəlif istiqamətli dislokasiya elementləri müşahidə olunmaqdadır:
"Geoloji kəsilişin üst hissəsində çökmə prosesləri və çat zonaları qeydə alınır. Relyefdə yaranan dəyişmələr süni şəkildə doldurulsa da, proseslərin dinamikasında artım müşahidə olunur. Ərazidə instrumental tədqiqatların aparılması və müvafiq bərkitmə işlərinin aparılması zəruridir".
Qeyd edək ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi V massivi, Bina 13M binasının ön və sağ tərəfində sürüşmə hadisəsinin baş verdiyi və sürüşmənin hər gün daha da aktivləşməsinə dair həmin ünvanda yaşayan sakinlər tərəfindən APA-ya müraciət daxil olub.
Sakinlər bildirib ki, ətrafda çoxlu sayda böyük çökəkliklər və qırılmalar baş verib, bununla bağlı aidiyyəti qurumlara müraciət etdiklərini vurğulayıblar.