BAKI, 8 fevral — Sputnik. Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində heç bir qanun pozuntusu baş verməyib. Buna, sadəcə olaraq, ehtiyac yox idi - cəmiyyət tam yekdil idi.
Bunu müşahidəçi və MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyətinin üzvü, rusiyalı senator Aleksandr Başkin "RİA Novosti"yə bildirib.
Xatırladaq ki, Başkin MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun üzvüdür.
"Heç olmasa bir sadə səbəbə - onlara ehtiyac olmadığına görə qanun pozuntuları yox idi - bütün Azərbaycan cəmiyyəti, seçicilər o qədər qətiyyətli və birmənalı şəkildə köklənmişdilər ki! Seçki qanunvericiliyi çərçivəsindən kənar addımlara, sadəcə olaraq, ehtiyac yox idi" - Başkin müşahidəçilərin hər hansı pozuntu qeydə alıb-almaması sualına cavab verərkən deyib.
Senator vurğulayıb ki, onun və həmkarlarının fikri yekdildir: "Azərbaycanda prezident seçkiləri bu dövlətin seçki qanunvericiliyinə, eləcə də təbii ki, beynəlxalq standartlara ciddi şəkildə uyğun keçirilib".
O, həmçinin qeyd edib ki, Qarabağa nəzarətin qaytarılması nəticəsində Azərbaycanda ilk dəfə olaraq bütün ölkədə prezident seçkiləri keçirilib və bu da seçicilərin əhval-ruhiyyəsinə təsir edib.
"Bu, bu seçkilərə ən ciddi təsir edən ən mühüm amildir... Azərbaycanın tam sərhədləri daxilində suverenliyinin və bütövlüyünün bərpası həm seçicilərin fəallığına, həm də birbaşa prezident seçkilərinin nəticələrinə təsir edib" - senator vurğulayıb.
Bir müddət əvvəl Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçki məntəqələrinin 93 faizinin bülletenlərinə baxdıqdan sonra bildirmişdi ki, hazırkı dövlət başçısı İlham Əliyev respublikada keçirilən növbədənkənar prezident seçkilərində 92,05 faiz səslə liderdir.