BAKI, 8 fevral — Sputnik. Okeanların vəziyyəti, havanın keyfiyyəti və iqlim dəyişikliyinin təsirlərini öyrənmək üçün istifadə olunacaq peyk uğurla orbitə çıxarılıb.
NASA bu barədə xəbər verib.
"NASA-nın okeanların vəziyyətinin, havanın keyfiyyətinin və iqlim dəyişikliyinin bəşəriyyətə təsirlərini öyrənməkdən ötrü nəzərdə tutulmuş peyki cümə axşamı Şərq vaxtı ilə səhər saat 01:33-də uğurla orbitə buraxılıb" - agentlik bildirib.
Qeyd edilib ki, peyk "SpaceX Falcon 9" raketi ilə Floridadakı Kanaveral buraxılış kosmodromunda buraxılıb. NASA buraxılışdan, təxminən beş dəqiqə sonra peykdən siqnal aldığını təsdiqləyib. Agentliyin məlumatına görə, kosmik gəmi "gözlənildiyi kimi" fəaliyyət göstərir.
NASA-nın rəhbəri Bill Nelson qeyd edib ki, yeni peyk "atmosfer və okeanlarımızdakı hissəciklərin qlobal istiləşməyə təsir edən əsas amilləri necə müəyyən edə bildiyini" aşkarlamağa kömək edəcək.
NASA-nın məlumatına görə, peykin okean rənginin təyini üçün nəzərdə tutulan cihaz tədqiqatçılara okeanların və digər su obyektlərinin ultrabənövşəyi, görünən və yaxın infraqırmızı işıq spektrini ölçməyə imkan verəcək. Nəticədə alimlər fitoplanktonun paylanmasını izləyə və ilk dəfə olaraq kosmosdan bu orqanizmlərin hansı qruplarının gündəlik qlobal miqyasda mövcud olduğunu müəyyən edə biləcəklər. Qeyd edilib ki, bu məlumatlar balıqçılığın "şəraitini proqnozlaşdırmağa", zərərli yosunların çiçəklənməsinə nəzarət etməyə və dəniz mühitində dəyişiklikləri müəyyən etməyə kömək edəcək.