BAKI, 6 fevral — Sputnik. Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri ikitərəfli və beynəlxalq aktual məsələlərin müzakirəsi baxımından Ankara üçün əhəmiyyətli olacaq. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"Yaxın vaxtlarda Putinin səfəri planlaşdırılır. Bir çox mövzular üzrə dialoqu davam etdirmək bizim üçün vacibdir. Buraya Qara dəniz, taxıl sazişi, Ukrayna, eləcə də bir sıra ikitərəfli məsələlər daxildir. Bizim çoxlu mövzularımız var. Onlar haqqında fikir mübadiləsi etmək vacibdir".
Fidan bildirib ki, Rusiya liderinin səfəri ölkələr arasında müntəzəm dialoqun bir hissəsidir:
"Bilirsiniz ki, biz Rusiya ilə bir çox sahələrdə, ilk növbədə enerji sahəsində əməkdaşlığı davam etdiririk. Amma bizim danışıqlar aparmalı olduğumuz problemli mövzular da var. Bunlar Suriya, Qafqaz, Yaxın Şərqdir. Burada problemlərin həlli üçün və gərginliyin artmasının qarşısını almaq üçün mövqeləri aydınlaşdırmaq lazımdır".
Nazir əlavə edib ki, Türkiyə Rusiya Federasiyası ilə həm Xarici İşlər Nazirliyi səviyyəsində, həm də daha yüksək səviyyədə daimi dialoqun davam etdirilməsinə böyük əhəmiyyət verir.
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirmişdi ki, Putinin Türkiyəyə qarşıdakı səfəri zamanı bu ölkə ilə ticarət əlaqələrinin bütün nüansları müzakirə olunacaq.
TASS-ın diplomatik mənbəsi isə bildirib ki, Ankara qaz habının tikintisi və Rusiya qazına endirimləri müzakirə etməyi planlaşdırır.
Mümkün mövzular arasında Rusiya şirkətlərinin türk bankları vasitəsilə hesablaşmalarla bağlı qarşılaşdığı problemlər də var.
Türkiyə mətbuatının məlumatına görə, səfər fevralın 12-nə planlaşdırılıb. Peskov səfərin hazırlandığını təsdiqləyib, lakin konkret tarix açıqlamayıb.