İQTİSADİYYAT

Baş nazir sahibkarlara əlavə dəstəklə bağlı qərar imzalayıb

Məqsəd mikro, kiçik və orta sahibkarlığın inkişafının yeni və daha səmərəli dəstəklər hesabına sürətləndirilməsi, qlobal iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyalara qarşı bu sahədə rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin formalaşdırılmasıdır.
Sputnik
BAKI, 6 fevral — Sputnik. Nazirlər Kabineti "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı"nı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafının yeni və daha səmərəli dəstəklər hesabına sürətləndirilməsi, qlobal iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyalara qarşı bu sahədə rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin formalaşdırılması məqsədilə aşağıdakı sahələr üzrə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi təmin edilir:
1. Sənaye
2. Kənd təsərrüfatı
3. İnformasiya və rabitə
4. Turizm
5. Tikinti
6. Nəqliyyat
7. Ticarət.
İqtisadiyyat Nazirliyi qeyd olunan sahələrin inkişafının stimullaşdırılması istiqamətində əlavə yeni dəstək mexanizmlərinin yaradılması ilə bağlı təkliflərini altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Xatırladaq ki, meyarlara əsasən, mikro sahibkar işçilərin sayı 10-dək, illik gəliri 200 min manatədək olan, kiçik sahibkar işçilərin sayı 11-50, illik gəliri 3 milyon manatədək, orta sahibkar isə işçilərinin sayı 51-250, illik gəliri 3-30 milyon manat olan sahibkarlardır.