İQTİSADİYYAT

Azərbaycanın qeyri-neft ixracı beş milyard dollara çata bilər - Deputat

Milli Məclisin deputatı deyib ki, qeyri-neft ixracatının artırılması Azərbaycan üçün prioritetdir. Çünki neft bazarında volatilik var və bu, neftin qiymətinin ümumi ixracata təsir etməsi anlamına gəlir.
Sputnik
BAKI, 6 fevral — Sputnik. 2026-cı ildə Azərbaycanın qeyri-neft ixracının 5 milyard ABŞ dollarına çatdırılması hədəflənir. Bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı bildirib. Onun sözlərinə görə, hazırlanan milli ixrac strategiyasında qısa və orta perspektivdə mövcud məhsulların yeni bazarlara, uzunmüddətli perspektivdə isə yeni məhsulların yeni bazarlara ixracı hədəflənir.
Bəs, Azərbaycan bu hədəfə çata biləcəkmi? İqtisadçılar nə düşünürlər?
Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, qeyri-neft ixracatının artırılması Azərbaycan üçün prioritetdir:
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
"Çünki neft bazarında volatilik var və bu, neftin qiymətinin ümumi ixracata təsir etməsi anlamına gəlir. Digər tərəfdən, qeyri-neft ixracatı həm də iqtisadi diversifikasiya baxımından çox vacibdir. Çünki qeyri-neft ixracı iqtisadiyyatın şaxələnməsinə və qeyri-neft sektorunun inkişafına stimul yaradan faktorlardan biridir".
"Son 3 ildə Azərbaycanın qeyri-neft ixracatı 2 dəfə artıb"
Deputat qeyd edib ki, artıq Azərbaycanda qeyri-neft ixracatı ikinci ildir ki, 3 milyard dollardan çoxdur:
"Keçən il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2022-ci illə müqayisədə 9,8 faiz artaraq 3,3 milyard dollar təşkil edib. Artım faizini nəzərə alsaq 2026-cı ildə 5 milyard dollarlıq qeyri-neft ixracatı mümkündür. Çünki son 3 ildə Azərbaycanın qeyri-neft ixracatı 2 dəfə artıb. Bu da ümumi qeyri-neft ixracının artımı üçün zəmin yaradır".
"Qeyri-neft ixracının ümumi ixracda payının 30 faizə qədər artırılması çox vacibdir"
O diqqətə çatdırıb ki, ümumiyyətlə, qeyri-neft ixracının daha çox artırılması və bu istiqamətdə yeni hədəflərin müəyyən edilməsi çox vacibdir:

"Düşünürəm ki, 2026-cı ildən sonrakı dövrdə qeyri-neft ixracı prioritet olmaqla yanaşı, iqtisadi siyasətin hədəflərinə uyğun olaraq genişlənəcək. Birinci mərhələdə qeyri-neft ixracının ümumi ixracda payının 30 faizə qədər artırılması çox vacibdir. Çünki bu, resurs ixracında asılılığın aradan qaldırılması və iqtisadi diversifikasiyanın təmin olunmasında əsas faktorlardan hesab olunur".

"3 milyard dollarlıq qeyri-neft ixracı azdır"
İqtisadçı-ekspert Xalid Kərimli də Sputnik Azərbaycan-a deyib ki, 3 milyard dollarlıq qeyri-neft ixracı azdır və bunun artırılmasını hədəf kimi qarşıya qoymaq müsbət addımdır:
"Azərbaycanın qeyri-neft ixracının artırılması üçün qeyri-neft sektoru inkişaf etdirilməli, ixracyönümlü sahələrin tərəqqisi diqqət mərkəzində olmalıdır. Həmçinin qeyri-neft sektorunda özəl təşəbbüslər dəstəklənməlidir. Qeyri-neft ixracının artırılması üçün potensial var".
İqtisadçı-ekspert Xalid Kərimli
"Hazırda Azərbaycanın xaricdə 12 ticarət evi fəaliyyət göstərir"
Xatırladaq ki, ötən ilin yekunlarına dair keçirilən mətbuat konfransında AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib ki, 2023-cü ildə Azərbaycandan 110-dan çox ölkəyə 3,3 milyard dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub və bu da yeni tarixi rekord hesab olunur. Hesabat ilində beynəlxalq sərgilərdə meyvə, spirtli içkilər, qənnadı məmulatları, fındıq ləpəsi, nar şirəsi kimi məhsulların ixracına dair müqavilələr imzalanıb.
O qeyd edib ki, yerli məhsulların ölkə xaricində tanıdılması məqsədilə hazırda Azərbaycanın 12 ticarət evi fəaliyyət göstərir və bu il daha iki ticarət evimizin Çinin Çendu və Nankin şəhərlərində açılışı gözlənilir:

"Azərbaycanın xaricdə fəaliyyət göstərən ticarət nümayəndəlikləri sayəsində ölkənin qeyri-neft məhsullarının ixracının genişləndirilməsi sürətlə davam edir və qeyri-neft ixracının potensialı yüksək səviyyədə reallaşdırılır".

Azərbaycandan ən çox Rusiyaya qeyri-neft məhsulları ixrac olunub
Əlavə edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na əsasən, 2023-cü ildə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (402,5 milyon dollar) birinci olub. Bu siyahıda qızıl (162,8 milyon dollar) ikinci, pomidor (162 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
Keçən il Azərbaycandan qeyri-neft məhsullarının ixrac edildiyi ilk beş ölkə:
Rusiyaya 1,1 milyard dollar,
Türkiyəyə 783,9 milyon dollar,
Gürcüstana 332,5 milyon dollar,
İsveçrəyə 175,3 milyon dollar,
Qazaxıstana isə 95 milyon dollar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Azərbaycanda ticarət və informasiya portalı istifadəyə veriləcək