Azərbaycanda adətən qış mövsümündə hazırlanan bir çox klassik xəmir yeməkləri var. Onlardan ən populyarı və qeyri-adi dadı olan yarpaq xəngəlidir. Bakıda bu xörəyi daha çox qiymə və qızarmış soğanla hazırlayırlar. Ona görə də, yarpaq xəngəlinin bu növünə qiyməli xəngəl deyirlər.
Evdar xanım Məhliqa Balıyeva Sputnik Azərbaycan-a Azərbaycanın xörəkləri içində ən sevimli və ən məhşur olan yarpaq xəngəlinin necə hazırlandığını göstərib.
Azərbaycanın müxtəlif bölgələrində yarpaq xəngəli cüzi dəyişiklərlə hazırlanır. Bu qədim yeməyin klassik variantı isə bərk yoğrulmuş xəmirin nazik yayılmasıdır. Hazır olan xəmir bərabər ölçülü kündələrə ayrılır, nazik yuxalar yayılır və duzlu suda qaynadılır. Bişmiş xəmirin üzərinə zövqə görə əridilmiş kərə yağı, qızardılmış soğan və qovrulmuş qiymə ət əlavə olunur. İstəyə görə, süfrəyə sarımsaqlı və ya sarımsaqsız qatıqla, həmçinin qurutla birgə verilir.
Bakıda və Abşeronda qışda bu xəmir yeməyini yüksək qiymətləndirirlər, bəzən hətta yayda belə ondan imtina etmirlər.