BAKI, 2 fevral — Sputnik. Almaniyada 90 minə yaxın ictimai nəqliyyat işçisi tətilə başlayıb.
Almaniyanın DPA agentliyi məlumat verib ki, ölkənin 80 şəhərində avtobus, tramvay və metronun hərəkəti məhdudlaşdırılıb.
Tətili "Verdi" həmkarlar ittifaqı çağırıb. Onlar 130 nəqliyyat müəssisəsinin işçilərinin əmək şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılmasını tələb edirlər. Yalnız bir federal əyalətdə - Bavariyada tətil keçirilmir. Berlində isə tətil cəmi bir neçə saat davam edəcək.
Almaniyada hava limanı işçiləri kütləvi tətillərə başlayıblar
Xatırladaq ki, Almaniyada bir neçə hava limanının təhlükəsizlik xidməti əməkdaşları kütləvi tətillər keçirməyə başlayıblar.
Frankfurt, Hamburq, Bremen, Berlin, Leipziq, Düsseldorf, Köln, Hannover, Ştutqar, Erfurt ve Drezden şəhərlərində yerləşən hava limanlarının təhlükəsizlik xidməti işçiləri əməkhaqqının artırılması ilə bağlı razılığa gələ bilmədiklərindən tətil keçirməyə qərar veriblər. Bu isə təqribən 25 min işçini əhatə edir.
Almaniya Hava Limanları Birliyi hadisə nəticəsində 1100 reysin ləğv ediləcəyini və ya təxirə salınacağını açıqlayıb. Bildirilib ki, nəticədə 200 min sərnişinin daşınmasında problem yaranacaq.