BAKI, 29 yanvar - Sputnik."Qarabağ" Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə 50-ci qolu vuraraq yeni rekorda imza atıb.
Peşəkar Futbol Liqasının məlumatına görə, bu, XX turun "Kəpəz"lə səfər matçına (2:1) təsadüf edib.
Ağdam klubunun yubiley qolunun müəllifi Toral Bayramov olub. "Qarabağ" ölkə çempionatları tarixində 15-ci dəfə mövsüm ərzində 50 və ya daha çox qol vurub. Bu, yarışın yeni rekordudur. Bölgə təmsilçisi 14 dəfə "50"yə çatan "Neftçi"ni arxada qoyub.
Ümumilikdə isə çempionatın 32 illik tarixində 62-ci dəfə komandalardan biri buna nail olub. İndiyədək 17 klub belə məhsuldarlıq göstərib: "Qarabağ" – 15, "Neftçi" – 14, "Kəpəz" - 7, "Şamaxı" – 4, "Bakı", "Turan", "Şəmkir" – 3, "Karvan", "Xəzər" (Sumqayıt), "Xəzər Lənkəran" – 2, "Şüvəlan", "Azəri", "İnşaatçı" (Bakı), "Kürmük", "Viləş", "Sabah" və "Xəzri" – 1.
***
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
IFFHS-nin rəsmi saytının qeydinə görə, 702 komandadan ibarət 2023-cü ilin yekun siyahısına Azərbaycanın yenə 3 təmsilçisi düşüb.
Ötən ay 84-cü yerdə qərarlaşan “Qarabağ” 73-cü pilləyə yüksəlib. Ağdam təmsilçisinin hesabında 145,5 xal var.
“Neftçi” və “Sabah”da isə geriləmə müşahidə edilib. “Neftçi” (53,75 xal) 378-ci yerdən 469-cu pilləyə enib. “Sabah” isə (55,5 xal) 391-ciliyi 436-cı pilləyə dəyişib.
Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (359 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) ikincidirsə, İtaliyanın “İnter” (289) kollektivi üçüncü yerdədir.