BAKI, 26 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Hindistan Prezidenti Draupadi Murmu və bu ölkənin baş naziri Narendra Modini milli bayram - Respublika Günü münasibətilə təbrik edərək, Rusiyanın Hindistanla strateji tərəfdaşlığını yüksək qiymətləndirdiyini qeyd edib.
"Biz dövlətlərimiz arasında imtiyazlı strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndiririk. Əminəm ki, birgə səylərlə biz bundan sonra da müxtəlif istiqamətlərdə konstruktiv Rusiya-Hindistan əməkdaşlığını sistemli şəkildə artıracağıq. Bu, dost xalqlarımızın maraqlarına tam cavab verir və regional və qlobal səviyyədə təhlükəsizlik və sabitliyin gücləndiirlməsi üçün uyğundur" - Rusiya prezidentinin Kremlin saytında dərc olunmuş teleqramında deyilir.
Rusiya dövlətinin başçısı Hindistanın sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə heyranedici uğurlar əldə etdiyini, dünya miqyasında layiqli nüfuza malik olduğunu və beynəlxalq gündəliyin ən mühüm məsələlərinin həllində fəal iştirak etdiyini vurğulayıb. O, Hindistan prezidentinə və Baş nazirinə möhkəm cansağlığı və uğurlar, Hindistanın bütün vətəndaşlarına isə firavanlıq arzulayıb.
1947-ci il avqustun 15-də Hindistan müstəqillik qazanıb, 1950-ci il yanvarın 26-da isə ölkənin konstitusiyası qüvvəyə minib. O vaxtdan bəri hər il Respublika Günü qeyd olunur və Yeni Dehlidə hərbi parad keçirilir. Tarix ona görə seçilib ki, 1930-cu il yanvarın 26-da Hindistan Milli Konqresi partiyası Hindistanın Britaniya İmperiyasından tam müstəqilliyi uğrunda mübarizəni rəsmən bəyan edib.