BAKI, 22 yanvar — Sputnik. ABŞ Konqresində Ukraynaya yardımın ayrılması ilə bağlı fikir ayrılıqları səbəbindən Prezident Co Baydenin administrasiyası Rusiyanın "yaxın həftələrdə" Ukraynanı məğlub edə biləcəyindən narahat olduğunu bildirib.
Bu barədə Rusiya mediası İspaniyanın "ABC" qəzetinə istinadən xəbər verir.
"Kapitoli təpəsində Ukraynaya yardımın bloklanması ilə üzləşən Joe Bayden administrasiyası Rusiyanın bir neçə həftə və ya bir neçə aylar ərzində münaqişədə qalib gələ biləcəyi qənaətinə gəlib" - məqalənin müəllifi ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivanın sözlərini sitat gətirir.
ABŞ Milli Kəşfiyyatının direktoru Avril Heyns də oxşar fikri bildirib. Qeyd olunur ki, belə bir nəticə Ukrayna Silahlı Qüvvələrinin (USQ) silah-sursatının demək olar ki, tükəndiyi və məcburi təslim ərəfəsində olduğu kəşfiyyat məlumatları əsasında əldə edilib.
Bu yaxınlarda Vaşinqtonun Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Mark Kançan da bildirib ki, ABŞ-ın köməyi olmadan Ukrayna 2024-cü ilin yazına qədər Rusiya ordusunun hücumunu dayandırmaq imkanını itirəcək.