BAKI, 18 yanvar — Sputnik. Fransa Senatı Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağıran qətnamə qəbul edib. Qətnamədə Azərbaycandan qaz idxalına qadağa qoyulmasına çağırış edilir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar hökumətə çağırış edərək Fransa ilə iqtisadi əlaqələrin dayandırılmasını təklif edib.
Təkliflər sırasında "Total" şirkəti də daxil olmaqla bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılması, Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə onların iştirakına yol verilməməsi məsələsi də var.
Azərbaycan-Fransa münasibətlərindəki gərginliklə bağlı millət vəkili Arzu Nağıyev və keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Sputnik Azərbaycan-a danışıblar.
Millət vəkili Arzu Nağıyev qeyd edir ki, son vaxtlar Fransa Azərbaycana qarşı siyasi, hərbi, iqtisadi addımlar atır:
"Fransa Senatının qəbul etdiyi birtərəfli qətnamə bir daha göstərir ki, Azərbaycan onlara öz siyasi cavablarını verməlidir. Fransa ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir, suverenliyimizə qarşı ədalətsiz addımlar atır. BMT-də Fransanın təşəbbüsü ilə Azərbaycan əleyhinə yönəlmiş tədbirlərin təşkilinə çalışılır. Fransa sərhədlərimizə doğru yaxınlaşıb".
Onun sözlərinə görə, Azərbaycan Milli Məclisi də Fransanın bu addımlarını cavabsız qoya bilməzdi:
"Azərbaycan Fransa müstəmləkələrinin müstəqilliyini tanıya bilər. Bizim ölkəmizin yürütdüyü siyasət xarici qüvvələrin deyil, Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edir".
Keçmiş XİN rəhbəri Tofiq Zülfüqarov isə bildirib ki, sanksiyaların tətbiq olunması çağırışları Fransanın Azərbaycana qarşı birtərəfli mövqe tutmasının göstəricisidir:
"Buna görə də Fransadan fərqli davranış gözləmək doğru olmazdı. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanın Fransa ilə yox, onun administrasiyası ilə problemləri var. Şübhə etmirəm ki, Azərbaycan mövcud Fransa administrasiyasının tutduğu mövqeyə qarşı cavab addımları atacaq və adekvat şəkildə Makron hökumətinin iqtisadi və siyasi cavabı veriləcək".
Tofiq Zülfüqarov deyir ki, o, Fransaya qarşı iqtisadi sanksiyalarla bağlı çağırışları doğru hesab etmir:
"Azərbaycanın siyasi xətti budur ki, biz heç kimi özümüzə böyük qardaş seçmək fikrində deyilik. Makron Fransanın fövqəl dövlət olduğunu dünyaya göstərmək üçün müxtəlif addımlar atır. Fransa Senatı tərəfindən qəbul edilmiş qətnamə də bununla bağlıdır. Ancaq Azərbaycan nə Fransaya görə, nə də Makronun ambisiyalarına görə öz mövqeyini dəyişməyəcək. Əminəm ki, Azərbaycan Prezidenti bu təzyiq nəticəsində mövqeyində dəyişiklik etməyəcək. Çünki Azərbaycan Prezidenti xalqın dəstəyinə əsaslanaraq siyasi iradə nümayiş etdirib, zəfərlər və nailiyyətlər qazanıb. Hesab edirəm ki, Fransanın addımlarının arxasında Makronun sağlam olmayan siyasi ambisiyaları dayanır" - Tofiq Zülfüqarov bildirib.