BAKI, 16 yanvar — Sputnik. Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş verən partlayış nəticəsində xəsarət alan 4 nəfərin (2-si böyük, 2-si uşaq olmaqla) müalicəsi Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrində davam etdirilir.
Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, 1986-cı il təvəllüdlü (kişi cinsli) və 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxslərə Təcili Tibbi Yardım Xəstəxanasında, 2013-cü il təvəllüdlü (kişi cinsli), 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə isə Uşaq Xəstəxanasında zəruri tibbi xidmətlər göstərilir.
1986-cı il təvəllüdlü şəxsin vəziyyəti stabil, digərlərinin vəziyyəti isə orta ağır olaraq qalır.
Qeyd edək ki, dünən Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxanada yanğın baş verib. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.