PAYTAXT XƏBƏRLƏRİ

Bakıda neftlə çirklənmiş ərazilərdə yaşayanlara şad xəbər

Bakının inkişafı gələcəkdə dövlət və özəl sektorun birgə tərəfdaşlığı çərçivəsində davam edəcək
Sputnik
BAKI, 16 yanvar — Sputnik. Bakıda neft sənayesinin çirkləndirdiyi ərazilər təmizlənəcək və ora yenidən həyat qayıdacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
"Paytaxtda su hövzələri yaradılacaq, şəhərin gələcək təmizliyi nəzərə alınacaq. Baş plana əsasən Bakının sənaye şəhəri deyil, insan yönümlü şəhər olmasına doğru addımlar atılacaq. Bakının inkişafı gələcəkdə dövlət və özəl sektorun birgə tərəfdaşlığı çərçivəsində davam edəcək", - deyə o qeyd edib.
O bildirib ki, Bakının mərkəzində yalnız yüngül sənaye sahələri qalacaq. Anar Quliyevin sözlərinə görə, Baş planla nəzərdə tutulan əsas islahat kompleks yanaşmadır:
"Artıq yanaşmalar nöqtəvi yox, kompleks olacaq. Bu da şəhərdə müvafiq istirahət yerlərinin, yaşıllıqların planlaşdırılmasına zəmin yaradır".
Komitə sədri məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların aqibətindən də danışıb:
"Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların bəziləri, təəssüf ki, qəzalı vəziyyətə çox yaxındır. Onların Qarabağa köçürülməsi prosesi müvafiq qaydada davam etdirilir. Onlar köçürüldükdən sonra o binaların da digər qəzalı binalar kimi yenidən qurulması nəzərdə tutulur".