PAYTAXT XƏBƏRLƏRİ

Tramvay xətti Bakıda hansı yollardan keçəcək?

Mütəxəssis deyir ki, hər prospektdə ictimai nəqliyyatın bir neçə növü üçün zolaq ayrılmalıdır.
Sputnik
BAKI, 14 yanvar — Sputnik. "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı"na əsasən paytaxtda tramvay xətləri yenidən bərpa oluna bilər. Bu günlərdə ictimaiyyətə açıqlanan sənəddə qeyd edilib ki, hazırda şəhər ərazisində çoxlu sayda istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri var.
Sözügedən infrastruktur yenidən aktivləşdirilə və daha səmərəli istifadə oluna bilər. Tramvay- elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna bilər, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturun genişlənməsi imkanı yarana bilər. Bəs görəsən Bakıda tramvay xətləri hansı ərazilərdə bərpa oluna bilər?
Memar Cahid Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tramvay xətlərinin Bakı şəhərində bərpası mümkündür. Memar deyir ki, paytaxtda köhnə tramvay xətləri sökülüb yerində yeni binalar inşa olunsa da, yenidən Bakının bəzi mərkəzi küçələrinə tramvay xətti çəkmək olar:

"Şərt deyil ki, köhnə tramvay xətlərinin marşrutu bərpa olunsun. Bu reallıq baxımından mümkün də deyil. Amma Bakının mərkəzi küçələrinə, Ağ şəhərdən İçəri şəhərə doğru tramvay xətti çəkmək olar. Bu nəqliyyat vasitəsinin bərpası ilə paytaxtın mərkəzini tıxacdan xilas etmək mümkündür. Çünki, tramvay elə bir nəqliyyat vasitəsidir ki, digər nəqliyyat növləri onun yoluna daxil ola bilmir. Bu gün Bakıda avtobus zolaqları çəkilir, amma biz görürük ki, digər nəqliyyat vasitələri avtobus zolağına daxil olmaqla sıxlıq yarada, avtobusun hərəkət intervalına təsir edə bilirlər. Tramvayın isə üstünlüyü ondadır ki, öz yolu ilə gedir".

Cahid Həsənov
C.Həsənov onu da bildirir ki, bəzən tramvayın paytaxt yollarına yenidən qayıtması real görünməsə də, son illər paytaxtın nəqliyyat infrastrukturu, ictimai nəqliyyatla bağlı aparılan islahatlar bunun mümkün olduğuna inanmağa əsas verir.
"Bir vaxtlar Bakının mərkəzi küçələrində velosiped zolaqlarının çəkilməsinə də inanmırdıq. Amma bu reallaşdı. Paytaxtın mərkəzini sıxlıqdan xilas etməyin yolu ictimai nəqliyyat növlərinin hərəkətinə imkan yaratmaq, ictimai nəqliyyat növlərinin sayını artırmaqdadır", - deyə memar bildirib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat və Logistika Kafedrasının baş müəllimi Bulud Bağırov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Baş Planın hazırlanmasına mütəxəssislər dəvət olunmalı, müzakirələr aparılmalı idi. Onun fikrincə, tramvay əvvəlki xətlər üzrə getməlidir. Mütəxəssis deyir ki, hər prospektdə ictimai nəqliyyatın bir neçə növü üçün zolaq ayrılmalıdır.
"Mövcud prospektlərdə dördzolaqlı yolların bir tərəfini tramvay xətinə ayırmaq olar. Əlavə yolların çəkilməsi isə həm vaxt, həm də çox məbləğdə pul apacaq. Tramvay xətti yaranarsa minik avtomobilləri sıradan çıxacaq. İctimai nəqliyyat növlərinin, ictimai nəqliyyat zolaqlarının sayı artdıqca minik avtomobillərindən istifadə də azalacaq. Minik avtomobilləri şəhər üçün deyil. Biz, bir növ, pis öyrənmişik ki, hər yerə minik avtomobili ilə gedək. Az qala çörək almağa da avtomobillə gedirik. Bu da şəhərdə sıxlığı artırır. Bakı tədricən insanyönümlü şəhərə çevrilməlidir", - deyə Bulud Bağırov bildirib.
Tramvay, arxiv
Qeyd edək ki, 2027-ci ilə qədər tramvay sisteminin Bakı Dəmiryolu vağzalı ilə (mərkəzi nəqliyyat qovşağı) əlaqələndirilməsi belə olacaq:
Bakı Limanı sahəsinin dəmir yoluna birləşdirilməsi;
mərkəzi Bakı Stansiyasının dəmir yolu qovşağı kimi tamamlanması;
giriş/çıxış edən sərnişinlər üçün bir nəqliyyat vasitəsindən digərinə keçidin
asanlaşdırılması;
əsas mərkəzi yeraltı parklanma sahəsinin (Hökümət Evinin yanı) dəmir yolu ilə
əlaqələndirilməsi;
Bakı Bulvarı ilə İçərişəhər ərazisinin relsli ictimai nəqliyyat xətləri ilə əlaqələndirilməsi.
"Ağ şəhər" və "Port Baku" ərazisinin dəmir yolu əlaqəsinin təkmilləşdirilməsi:
"Ağ şəhər" bulvarı xəttinin yaradılması;
Mərkəzi "Ağ şəhər" xəttinin salınması.
28 May dəhlizinin inkişafının davam etdirilməsi:
Mərkəzi Bakı Stansiyası ilə Tofiq Bəhramov adına Respublika Stadionu arasında birbaşa əlaqənin yaradılması;
Gənclik metro stansiyasının çoxmodallı qovşaq kimi inkişafı;
şəhər daxilinə birbaşa və mərkəzi Şimal-Cənub əlaqəsinin yaradılması;
yaşıl və qırmızı metro xətləri arasında əlaqənin qurulması.
Binəqədi ərazisinin dəmir yolu əlaqəsinin təmin edilməsi:
dəmir yolu vasitəsilə Binəqədi və Bakı Dəmiryolu vağzalı arasında tramvay nəqliyyatı əlaqəsinin yaradılması.
Gələcək inkişaf – 2040-cı il
Tramvay əlaqəsinin cənub-qərbə doğru uzadılması:
təklif olunan mərkəzlərin yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemləri vasitəsilə şəhər mərkəzi ilə əlaqələndirilməsi;
cənub-qərb istiqamətində dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin genişləndirilməsi.
Şəhər inkişaf layihələrinin həyata keçirildiyi ərazilərdə dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin genişləndirilməsi:
relsli nəqliyyat sistemlərinin şəhəri tam əhatə etməsinə nail olunması;
Nəriman Nərimanov prospekti ətrafındakı şəhər inkişaf ərazilərində dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin genişləndirilməsi;
"Təmiz Şəhər" ərazisinin yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat vasitəsilə əlaqələndirilməsi;
"Ağ şəhər"in şərq hissəsində dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin daha da genişləndirilməsi;
Bakının mərkəzinin şərq hissəsində qarşılıqlı əlaqələndirmənin təmin edilməsi.
Tramvay-qatar sistemi üçün keçid nöqtələrinin əlavə olunması:
Bakı şəhər mərkəzi ilə Binəqədi arasında əlaqənin gücləndirilməsi;
Dərnəgül dəmir yolu magistralına qoşulma;
dəmir yolu magistralının son 11 km-lik hissəsinin yüklənmədən azad olunması;
şəbəkənin gücləndirilməsi (ehtiyat variantlar, sistemin rezervləşdirilməsi)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
PAYTAXT XƏBƏRLƏRİ
Bakının yeni Baş Planı - hansı rayonlarda, nələr dəyişəcək?