BAKI, 12 yanvar — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmadığını açıqlayıb.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Zaxarova bəyan edib ki, Ermənistan tərəfinin Qarabağda ermənilərə qarşı etnik təmizləmənin aparılmasına dair sübutu varsa, təqdim etsin.
Ermənistan tərəfinin Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin öhdəliyini yerinə yetirməməsi ilə bağlı rəsmi İrəvanın ittihamlarına cavab verən Zaxarova qeyd edib ki, sülhməramlı qüvvələrə qarşı səsləndirilən ittihamlar əsassızdır.
"Ermənistan hakimiyyətinin Azərbaycanın Qarabağ bölgəsində Rusiya Sülhməramlı Kontingentinin fəaliyyəti ilə bağlı açıqlamaları destruktiv xarakter daşıyır. Rusiya Federasiyası erməni siyasətçilərin Qarabağda Rusiya sülhməramlılarına qarşı ittihamlarını destruktiv hesab edir, bunlar faktlarla manipulyasiya etmək cəhdləridir", - Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova deyib ki, Rusiya Ermənistan paytaxtında yanvarın 1-də faşistlərin yürüş keçirməsindən dərin narahatlıq keçirir.
"Bəli, biz bu kadrları gördük və yanvarın 1-də İrəvanın mərkəzində gənc faşistlərin yürüşünün baş tutmasını dərin narahatlıqla qəbul etdik. Əlbəttə ki, biz Ermənistanın asayişi qoruyan qüvvələrinin bu yürüşün iştirakçılarına, onların KİV-in iştirakı ilə kameralar önündə "nasist salamlarına" mane olmamasına təəccübləndik. Ermənistan hakimiyyətinin buna reaksiyasının olmaması da təəccüb doğurur. Əminik ki, nasizmin bütün təzahürlərini kökündən kəsmək lazımdır", - Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova 80 il bundan öncə ermənilərin ruslarla, digər xalqların nümayəndələri ilə birlikdə faşizm üzərində qələbə qazandığını xatırladıb.