BAKI, 8 yanvar - Sputnik. Azərbaycanda təbii mənbələrdən ildə 12,78 milyard kubmetr su əldə olunur ki, bunun da 3,63 milyard kubmetri suyun nəqli və paylanması zamanı itkiyə gedir.
Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunub.
Məlumata görə, ölkə üzrə illik şirin su istehlakı təqribən 9,15 milyard kubmetr təşkil edir ki, bunun da 72,5 %-i kənd təsərrüfatında, 3,2 %-i məişət ehtiyacları üçün və 24,3 %-i sənaye ehtiyacları (əsasən enerji və istilik elektrik stansiyalarının soyudulması) üçün istifadə olunur.
Adambaşına düşən illik suyun həcminə əsasən (adambaşına 1 000 kubmetr ) Azərbaycan su problemi yaşayan ölkələrdən biridir. BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına dair Milli Hesabata görə, iqlim dəyişikliyi səbəbilə milli su ehtiyatlarının 2050-ci ilə qədər 23 %-dən çox azalacağı ehtimal edilir. Ölkədə əldə olunan suyun ildə təqribən 6 %-i və ya 744 milyon kubmetri Abşeron yarımadasında istehlak olunur. Yarımadada təbii su mənbələri olmadığı üçün su ölkənin digər regionlarından nəql olunur.