BAKI, 7 yanvar — Sputnik. Ötən il Azərbaycanda yeddi sahə üzrə "professor" elmi adı alan olmayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verib.
Bura mexanika, astronomiya, yer elmləri, əczaçılıq elmləri, antropologiya, siyasi elmlər və sosiologiya aiddir.
Bundan başqa, keçən il ərzində 58 nəfərə "professor" elmi adı verilib. Həmin müddətdə "professor" elmi adının verilməsi ən çox texnika elmləri üzrə olub. Belə ki, bu sahə üzrə 10 nəfər həmin elmi ada layiq görülüb.
Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayev ötən il Azərbaycanda plagiatlıqla bağlı çıxışında saxtakarlığa əl atan elm adamlarının fəaliyyətinin ömürlük qadağan olunmasını təklif etmişdi.
"Hesab edirəm ki, əqli mülkiyyətlə bağlı yuxarı yaş təbəqələri üçün cəza tədbirləri ağırlaşdırılmalıdır. Mən hesab edirəm ki, plagiatı sübut edilmiş adamın elmi fəaliyyəti ömürlük qadağan olunmalıdır. Bunun başqa yolu yoxdur", - deyə nazir bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.