BAKI, 7 yanvar — Sputnik. Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2024-cü il üçün birgə tədbirlər planı imzalanıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Birgə tədbirlər planına əsasən Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair keçiriləcək tədbirlərin yeri, icra vaxtı və icraya məsul şəxslər müəyyən olunub.
Tədbirlərin Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növü, birlik, birləşmə, hərbi hissələr və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil olunması nəzərdə tutulub.
Cari il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişafı, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq, o cümlədən digər mövzularda tədbirlər keçiriləcək, maarifləndirici söhbətlər aparılacaq.
Dövlət Komitəsinin nümayəndələri hərbi qulluqçularla görüşüblər
Xatırladaq ki, 2023-cü ilin dekabrın 1-də Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2023-cü il üçün imzalanan birgə tədbirlər planına əsasən, Hərbi Dəniz Qüvvələrində komitənin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Çıxış edənlər hərbi kollektivdə düzgün qarşılıqlı münasibətlərin formalaşmasından, sağlam əhval-ruhiyyənin yaradılmasından danışıblar. Dini radikalizm və ekstremizm təhlükəsizliyinin müdafiəsinin vacibliyi qeyd edilib.
Tədbirdə, həmçinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolundan söz açılıb, bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti şəxsi heyətin diqqətinə çatdırılıb.
Əlavə edək ki, ötən ilin yanvarın 7-də də Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair 2023-cü il üçün birgə tədbirlər planı imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.