NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Bakı və Aşqabad qazın svop tədarükünü davam etdirmək üçün danışıq aparırlar

NIGC-dən qeyd edilib ki, iki ölkə arasında razılıq əldə edildikdən sonra svop qaz tədarükləri bərpa olunacaq.
Sputnik
BAKI, 7 yanvar — Sputnik. Azərbaycan və Türkmənistan qaz mübadiləsini davam etdirmək üçün danışıqlar aparır. Bu barədə İran Milli Qaz Şirkəti (NIGC) məlumat yayıb.
NIGC-nin məlumatına görə, Türkmənistandan İran vasitəsilə Azərbaycana qaz nəqli müvəqqəti olaraq dayandırılıb.

“Bakı və Aşqabad bu məsələ ilə bağlı danışıqlar aparır”, - İran mediası NIGC-yə istinadən yazır. İki ölkə arasında razılıq əldə edildikdən sonra tədarükün bərpa olunacağı qeyd edilir.

2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişinə əsasən, İran Türkmənistandan aldığı qazı Azərbaycana 2022-ci ilin yanvarında nəql etməyə başlayıb. Müqavilə İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrə qədər türkmən qazının nəqlini nəzərdə tuturdu.
2022-ci il iyunun əvvəlində Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Ouci arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, Türkmənistandan Azərbaycana İran vasitəsilə qaz nəqli iki dəfə artırılacaq.
Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 738 milyon 966 min ABŞ dolları təşkil edib.
Bu göstəricinin həcmi 202-ci ilin müvafiq dövrü ilə müqayisədə 73% və ya 311.8 milyon dollar artıb. Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanla Türkmənistanın ticarət dövriyyəsinin həcmin 427 milyon ABŞ dolları olub.
Hesabat dövründə Azərbaycandan Türmənistana ixracın həcmi 4 dəfə artaraq 77.3 milyon dollara, Türkmənistandan Azərbaycana ixracın həcmi isə 62.4% artaraq 661.6 milyon dollara bərabər olub.
Türkmənistan Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında altıncı yerdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.