Ötən il Azərbaycan-Rusiya münasibətləri nələrlə yadda qaldı?
Millət vəkili Azərbaycan-Rusiya münasibətlərini hər zaman tərəflərin əməkdaşlığın genişləndirilməsi istəklərinə uyğun olaraq inkişaf edən münasibətlər kimi səciyyələndirib.
SputnikBAKI, 3 yanvar - Sputnik. Azərbaycan-Rusiya münasibətlərinin hazırkı mərhələsi həm regional, həm də qlobal güc mərkəzləri tərəfindən diqqətlə izlənilir. Münasibətlərin 2022-ci ildə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən sonrakı inkişaf sürəti iqtisadi göstəricilərdə və siyasi təmasların sıxlığında özünü daha aydın göstərir.
Azərbaycan və Rusiya liderləri arasındakı sıx dialoqun olması, Rusiya Prezidentinin xüsusi nümayəndələrinin, eləcə də digər rusiyalı rəsmilərin Azərbaycana vaxtaşırı səfərləri münasibətlərin dinamikası ilə bağlı fikir yürütməyə imkan verir. 2023-cü il ərzində Azərbayan və Rusiya liderlərinin Rusiyada iki görüşü baş tutdu. Bunlardan ilki 2023-cü ilin mayında, digəri isə ilin sonunda, daha dəqiq desək dekabrın 25-26-sı tarixlərində MDB dövlət başçılarının qeyri-rəsmi toplantısı çərçivəsində baş tutdu.
Sputnik Azərbaycan 2023-cü il Azərbaycan-Rusiya münasibətlərinin siyasi yekunları ilə bağlı millət vəkili Elşad Mirbəşiroğlunun və politoloq Elşən Manafovun fikirlərini öyrənib.
Millət vəkili Elşad Mirbəşiroğlu Azərbaycan-Rusiya münasibətlərini hər zaman tərəflərin əməkdaşlığın genişləndirilməsi istəklərinə uyğun olaraq inkişaf edən münasibətlər kimi səciyyələndirib.
Millət vəkilinin sözlərinə görə, əvvəlki illərdə olduğu kimi bu il də iki ölkə rəsmilərinin təmaslarında intensivlik müşahidə edilib:
“Azərbaycan və Rusiya beynəlxalq müstəvidədə qarşılıqlı olaraq bir-birlərinin maraqlarını nəzərə alırlar. Bu da iki ölkə arasındakı konstruktiv dialoqun, xoş inkişafa meyilli münasibətlərin vacib məqamlarındandır. Rusiya Azərbaycana etibarlı tərəfdaş kimi yanaşır. Rusiya lideri Vladimir Putin də bunu dəfələrlə vurğulayıb. Vladimir Putin Azərbaycan-Rusiya münasibətlərinin inkişafından razılığını ifadə edib”.
Elşad Mirbəşiroğlunun sözlərinə görə, Azərbaycan tərəfi də Rusiya ilə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində, münasibətlərin davamlı olaraq dinamikasının artırılmasında maraqlı olduğunu nümayiş etdirib:
“Nəzərə almaq lazımdır ki, Rusiyanın təsirli yerə və rola malik olduğu platformalar çərçivəsində də Azərbaycan kifayət qədər ciddi nüfuza malikdir MDB çərçivəsində Azərbaycan-Rusiya münasibətlərinin xarakteri bütün Birlik məkanında ümumi vəziyyətə çox müsbət təsir göstərir. Mən bunu örnək münasibətlər hesab edirəm. Azərbaycan və Rusiya istənilən məsələdə qarşılıqlı maraqlardan çıxış etmək, bir-birlərinin maraqlarını nəzər almaq digər dünya dövlətləri üçün də münasibətlərin qurulmasında vacibdir. İl ərzində gerçəkləşdirilmiş qarşılıqlı səfərlər, o cümlədən iki tərəfli münasibətlər, həmçinin müxtəlif regional və geosiyasi məsələlərin müzakirə edildiyi telefon danışıqları da münasibətlərimizin yaxınlığından xəbər verir. Avrasiya İqtisadi İttifaqına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın intensivliyi də diqqət çəkir. Avrasiya İqtisadi İttifaqına üzv ölkələr Azərbaycanla əməkdaşlığın yeni istiqamətlərinin tapılması və inkişaf etdirilməsində maraqlı olduqlarını göstərirlər. Azərbaycan Prezidenti Rusiyalı həmkarının dəvəti ilə 2023-cü ilin mayın 25-də Moskvada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edib. Bu həm də Rusiya-Azərbaycan münasibətlərinin xarakterinin göstəricisidir. Bu maraqlara uyğun hər zaman addımlar atılır”.
Deputat qeyd edir ki, Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə diqqətdən kənar qala bilməz:
“Onu da nəzərə almaq lazımdır ki, iki tərəf arasında əməkdaşlığın inkişaf etdirilməsi məhz həmin sənəddə təsbit olunmuş prinsiplərə də söykənir. Rusiya ilə Azərbaycan arasında təkcə dövlətlər səviyyəsində deyil, regionlar səviyyəsində də uğurlu əməkdaşlıq sistemi quruılub. Hazırda Rusiyanın 80-ə qədər regionu Azərbaycanla uğurlu əməkdaşlıq etməkdədir. Bunun özü də dövlətlərarası münasibətlərin inkişafı baxımından xüsusi qeyd olunmalıdır”.
Millət vəklinin sözlərinə görə, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı həm də müxtəlif platformalarda aktiv müzakirə edilir:
“Münasibətlərin vəziyyəti ona təsir göstərəcək digər mexanizmlərin yaradılması iki ölkənin ekspertlərinin görüşlərində müzakirə predmeti olaraq diqqətdə saxlanılır. Hesab edirəm ki, 2023-cü ildə tərəflər arasında qarşılıqlı olaraq bir-birlərinin maraqlarının nəzərə alınması, etibarlı tərəfdaşlıq şəraitində inkişaf edib. Bu da gələcəkdə iki ölkə arasında münasibətlərin dinamikası üçün yeni zəmin yaradır”.
Politoloq Elşən Manafov da Azərbaycan-Rusiya münasibətləri ilə bağlı fikirlərini bölüşüb.
Ekspert bildirib ki, Azərbaycan Respublikasi və Rusiya Federasiyasi arasında münasibətlər 2022-ci ildən başlayaraq strateji tərəfdaşlıqdan müttəfiqlik müstəvisi üzərinə yüksəlməyə davam edib.
Onun sözlərinə görə, Rusiya 2020-ci ilin noyabrında Azərbaycan və Ermənistan arasında atəşkəs barədə razılığın əldə edildiyi dövrdən öz üzərinə götürdüyü öhdəliklərlə yanaşı münaqişə tərəfləri arasında sülh müqaviləsinin imzalanması üçün moderator missiyasını yerinə yetirməkdədir:
“Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında 3 il ərzində Moskva, Sankt-Peterburq və Soçidə dəfələrlə görüşlər təşkil edilmiş, konstruktiv zəmində danışıqlar aparılmış, Moskva üçtərəfli bəyanatının məzmunundan irəli gələn şərtlərin yerinə yetirilməsi üçün hökumətlərarası komissiya təşkil edilmiş, əksər problemlərin həlli istiqamətində razılıqlar əldə edilib. Rusiya 2020-ci ilin noyabr razılaşmasının şərtlərinə rəğmən tərəflər arasında atəşkəsin şərtlərinə əməl edilməsinə, hərbi əməliyyatların yenidən alovlanmasına yol verməmək üçün öz sülhməramlı hərbi kontingentinin timsalında bölgədə ümumi vəziyyətə nəzarəti həyata keçirmiş, stabilliyin qorunub saxlanılmasına öz töhfəsini verib”.
Politoloq qeyd edir ki, hazirda Rusiya və Azərbaycan regionun təhlükəsizlik problemlərinin həllinə dair Azərbaycanla birlikdə 3+3 formatında əməkdaşlığa böyük önəm verir və əməkdaşlığı davam etdirir:
“Şimal-Cənub nəqliyyat dəhlizinin işə düşməsi və rentabelli fəaliyyətində Azərbaycan-Rusiya əməkdaşlığının rolu böyükdür. Bu ilin noyabrında Rəşt-Astara dəmir yolunun tikintisinin davam etdirilməsi uçun Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının növbəti görüşü baş tutmuş, müvafiq razılıqlar əldə edilib. Qərbin rəsmi Bakıya ismarıclarına baxmayaraq, Azərbaycan Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulmayııb, bu mənada Azərbaycan loqistik imkanlarına görə Rusiya üçün ciddi əhəmiyyət kəsb edən ölkə olaraq qalır”.
Elşən Manafov vurğulayır ki, 2023-cü ildə Azərbaycan Rusiya ilə qarşılıqlı maraq doğuran problemlərin həlli istiqamətində beynəlxalq və subregional təşkilatlar çərçivəsində əməkdaşlığını davam etdirib:
“Bu il Azərbaycan və Rusiya arasinda iqtisadi,ticari əlaqələri də ugurla inkişaf edib, tərəflər arasında ticari, əmtəə dövriyyəsi durmadan yüksəlib. 2023-ci ildə əmtəə dövriyyəsi 21% yüksələrək 3,95 milyarda qalxıb. Azərbaycandan Rusiyaya 1,08 milyard dollar məbləğində mal ixrac edilib, bu isə ötən illə müqayisədə 26,1% çoxdur. Rusiyadan Azərbaycana ixrac isə 19,3% artıb, bu isə öz növbəsində ötən illə muqayisədə 2,6 milyard artiq məhsul deməkdir. Ümumiyyətlə bu il Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiyanin payi 8,35% olub, bu isə keçən illə müqayisədə 6,63% artım deməkdir".
Politoloq hesab edir ki, Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsi iki dövlətin maraqlarından əlavə regional təhlükəsizlik kəsb edir.
"Həm Rusiya, həm də Azərbaycan qeyri-regional güclərin Cənubi Qafqaza müdaxilə etmək üçün gördükləri hazırlıqlardan, atdığı addımlardan yaxşı xəbərdardır. Son dövrlər müdaxilə təşəbbüslərinin açıq şəkildə edilməsi region ölkələrinə əməkdaşlığı daha da sıxlaşdırmağı, xarici təzyiqə qarşı müqavimət imkanlarını birləşdirməyi diqtə edir", - deyə politoloq fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.