DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ekzoplanetlərdə suyun və həyatın mövcudluğunun əlamətləri müəyyən edilib

Əgər Yerə bənzər bir planetin atmosferində eyni sistemdəki digər planetlərlə müqayisədə əhəmiyyətli dərəcədə az karbon qazı varsa, bu, həmin planetin səthində maye suyun olmasının əlaməti ola bilər.
Sputnik
BAKI, 3 yanvar — Sputnik. Beynəlxalq astronomlar qrupu ekzoplanetdə maye suyun varlığını müəyyən etmək üçün istifadə oluna bilən əlamətləri müəyyən edib.
Araşdırmanın nəticələri "Nature Astronomy" jurnalında dərc olunub.
Alimlər fərz edirlər ki, əgər Yerə bənzər bir planetin atmosferində eyni sistemdəki digər planetlərlə müqayisədə əhəmiyyətli dərəcədə az karbon qazı varsa, bu, həmin planetin səthində maye suyun olmasının əlaməti ola bilər.
Məsələn, Günəş sistemində Yerin atmosferində VeneraMarsın atmosferləri ilə müqayisədə daha az karbon qazı var. Bu, qaz qatının tərkibindən su dövranı sayəsində daha çox karbon qazının xaric olunması ilə bağlıdır.
Yüz milyonlarla il ərzində Yer okeanları, demək olar ki, bu gün Veneranın atmosferində qalanlara bərabər olan böyük miqdarda karbon qazını udublar. Planet miqyasında bu təsir Yerin canlı orqanizmlərin mövcudluğu üçün əlverişli olmasına səbəb olub.
Bundan əlavə, müəlliflər qeyd ediblər ki, planetin mümkün yaşayışının başqa bir əlaməti ozonun olmasıdır. Yer kürəsində bitkilər karbon qazını udur və oksigeni buraxırlar ki, bu da stratosferdə fotokimyəvi reaksiyaya girərək ozona çevrilir. Ekzoplanetləri müşahidə edərkən ozonu aşkar etmək oksigenin özündən daha asandır.
Komanda təxmin edir ki, NASA-nın Ceyms Uebb adında kosmik teleskopu Yerdən 40 işıq ili uzaqlıqdakı yeddi planetdən ibarət olan TRAPPIST-1 kimi çoxplanetli sistemlərdə karbon qazını və orda ola biləcək ozonu ölçə biləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.