BAKI, 31 dekabr — Sputnik. Yeməklərinizi daha sağlam etmək və əlavə çəkidən yayınmaq üçün Yeni il bayramına hazırlanan salatlar və sevimli qəlyanaltılar üçün istifadə olunan mağazadan alınan mayonezi evdə hazırlanmış mayonezlə əvəz etmək mümkündür.
Bunu Rusiya Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin terapiya kafedrasının dosenti və farmakoloqu Konstantin Usov "Life"a məlumat verib.
Konstantin Usov bildirib ki, Yeni il süfrəsinə evdə hazırlanmış az yağlı ət və balıq yeməkləri, yağsız toyuq, hinduşka, mal əti, qaynadılmış kartof orqanizmə daha faydalıdır. Farmakoloq bundan əlavə Yeni il yeməklərinin hazırlanması reseptini bir az dəyişdirməyi, onları daha faydalı hazırlamağı tövsiyə edib.
"Mağazadan alınmış mayonezi evdə hazırlanmış mayonezlə əvəz edin, soya mayonezi ilə yüngül vegetarian Oliviye salatı hazırlayın, avokadodan istifadə edin. Mayonezi az yağlı xama ilə bərabər nisbətdə qarışdıraraq salatın kalori və yağ tərkibini azaldın. Adi salatları şəkərsiz kənd qatığı və pesto sousu ilə qarışdırın" - Usov vurğulayıb.
Farmakoloq qeyd edib ki, siyənək balığı ilə hazırlanan şuba salatını, Norveç salatı ilə əvəz etmək daha məsləhətdir. O, həmçinin adi yerkökü əvəzinə bir alma və turşu xiyar əlavə etməyi, mayonez əvəzinə isə bitki yağı və limon qatmağı da tövsiyə edir. Yüksək kalorili yeməklər əvəzinə, sobada tərəvəz bişirmək, qızılbalıq və hinduşka filesindən kotletlər hazırlamaq daha faydalı olacaq.