BAKI, 30 dekabr - Sputnik. “İçərişəhər” stansiyasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ən şox diqqətçəkən bayram hədiyyəsinin - retro vaqonların nümayişinə başlanılıb.
Yanvarın 5-dək bayram ab-havasında bəzədilmiş bu vaqonlar qatarların hərəkət etmədiyi ikinci stansiya yolunda nümayiş olunacaq. Hər kəs qatarla tanış ola, burada xatirə şəkilləri çəkdirə və xəyalən keşmişə səyahət edə bilər.
"Ən vacibi, izləyicilər bu vaqonlarda müxtəlif tarixi dövrlərdə Sovet və sosialist ölkələrinin metropolitenləri üçün istehsal olunmuş vaqonların keçdiyi tarixi inkişaf yoluna da müqayisəli nəzər sala bilərlər", - deyə metropolitenin məlumatında bildirilir. Qatarlar olan sahəyə giriş hər gün saat 10:00-dan axşam saat 22:00-a qədər açıq olacaq.
Bundan əlavə, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “İçərişəhər” stansiyasının vestibülündə paytaxt sakinləri, şəhərimizin qonaqları və azyaşlı sərnişinlərə unudulmaz anlar yaşadacaq bayram şousu təşkil edib.
İki gün davam edəcək bu sosial layihə çərçivəsində Yeni ilin əsas qəhrəmanları Şaxta baba və Qar qız sərnişinlərin görüşünə gəliblər. Şaxta baba dadlı-duzlu söhbətləri, sualları, tapmacaları ilə tədbiri şənləndirib. Musiqili improvizasiya fonunda sirk ustalarının canlandırdığı cizgi film personajları və nəhəng oyuncaq tədbirə gəlmiş uşaqlara əyləncəli anlar yaşadıblar. Sehrbazın məharəti isə azyaşlı sərnişinlərin ovqatını daha da yüksəldib.
İki saatdan artıq davam edən əyləncəli tədbirdə metropoliten əməkdaşları uşaqlara yeni il hədiyyələri təqdim ediblər.
Günün qəhrəmanları uşaqların müşayiəti ilə stansiyanın platformasına enərək burada, daha sonra retro vaqonlardan ibarət qatarda sərnişinlərə bayram təbriklərini çatdırıb, xatirə şəkilləri çəkdiriblər.
Bayram şousu dekabrın 30-da davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.