BAKI, 29 dekabr — Sputnik. Sentyabr ayının əvvəlindən bəri məhdud şəkildə ucuzlaşan Türkiyə lirəsi (TL) bu gün də dollar qarşısında itkisini davam etdirib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 1 ABŞ dollarının məzənnəsi bu səhər 29.51 lirə səviyyəsinə çataraq yeni rekord qırıb.
Dollar/TL günə 29.50 səviyyəsində başlasa da, investorlar Mərkəzi Bankın (TCMB) bu gün açıqlanacaq pul və məzənnə siyasəti məlumatını izləyəcəklər.
Türkiyədə minimum əməkhaqqının 49 faiz artması ekspertlərin fikrincə, 36 faiz olan 2024-cü il inflyasiya hədəfinə yenidən baxılması imkanını artırıb. TCMB inflyasiya proqnozunu fevralın 8-də açıqlayacaq.
Mütəxəssislər yüksək faiz dərəcələrinə baxmayaraq, əməkhaqqı artımının həm tələb həm də inflyasiyaya orta müddətli təsir göstərəcəyini vurğulayırlar.
TL sentyabr ayının əvvəlindən bəri zaman-zaman azalsa da, bu gün də məhdud gündəlik ucuzlaşmasını davam etdirir. Ötən həftəni 29.2395-də bağlayan Dollar/TL bu səhər 29.5120 səviyyəsində olub. TL dekabrda 2,1 faiz dəyər itirib.
TL bu səviyyələrdə bağlanarsa, ili 36,6 faiz dəyər itirmə ilə başa vuracaq. İtkilərin böyük hissəsi iyun ayında baş verib. Sentyabrın əvvəlindən TL-də müntəzəm, lakin məhdud ucuzlaşmalar müşahidə olunur. TCMB iyun ayından etibarən faiz dərəcələrini 34 faiz artırıb.
Türkiyədə minimum maaş 1000 manata çatdırılıb
Xatırladaq ki, Türkiyədə minimum əməkhaqqı 49,11 faiz artırılaraq 17020 lirəyə çatdırılıb. Bu məbləğ Azərbaycan milli valyutası ilə ifadədə 984 manatdır.
Türkiyədə yüksək inflyasiya səbəbindən lirənin alıcılıq qabiliyyəti xeyli zəifləyib. Bununla əlaqədar olaraq, dövlət minimum maaşı kəskin şəkildə artırmalı olub. Hazırda qüvvədə olan minimum maaş 11402 lirədir (659 manat).
Uçot dərəcəsi 40 faizdən 42,5 faizə qaldırılıb
Əlavə edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son zamanlara qədər apardığı siyasət nəticəsində TCMB faizi 2021-ci ildəki 19%-dən 8,5%-ə endirmişdi. Seçki öncəsi yüksək inflyasiyaya baxmayaraq, faiz dərəcələri aşağı səviyyədə saxlanılıb, TL-nin daha da ucuzlaşmasının qarşısını almaq üçün TCMB ehtiyatlarından istifadə edilib. Seçkidən sonra maliyyə naziri və Mərkəzi Bankın sədri dəyişdirilib, faizin artırılmasına qərar verilib.
Dekabrın 21-də Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 2,5 faiz bəndi artıraraq 40 faizdən 42,5 faizə qaldırıb.
Uçot dərəcəsi bu ilin noyabrın 23-də 35 faizdən 40 faizə çatdırılmışdı.