BAKI, 29 dekabr — Sputnik. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş şöbə rəisi, Hacı Məmmədovun cinayət işi üzrə həbs olunaraq ömürlük azadlıqdan məhrum edilən Kamil Sədrəddinov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət edib.
Bununla bağlı bu gün keçirilən məhkəmə prosesində həbsdə olan Kamil Sədrəddinovun məhkəməyə vaxtından əvvəl azadlığa buraxılma ilə bağlı müraciət etdiyi bildirilib.
Qeyd olunub ki, o, sonradan ərizəsini geri götürüb.
Bu səbəbdən məhkəmə ərizəyə baxmayıb.
Qeyd edək ki, Kamil Sədrəddinov DİN-in Baş Cinayət Axtarış İdarəsinin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin rəisi olub. O, 2005-ci ildə DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun dəstəsinə qarşı keçirilən "Qara kəmər" əməliyyatı çərçivəsində tutulub.
Kamil Sədrəddinov Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Prezident İlham Əliyevin 2019-cu il martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə onun ömürlük həbs cəzası 20 il həbs cəzası ilə əvəzlənib.