SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Gürcüstan arasında “Keşikçidağ” problemi çözülmək üzrədir

Gürcü səfir qeyd edib ki, David Qareci (Keşikçidağ-red.) məsələsi mütləq strateji tərəfdaşlara və dostlara uyğun şəkildə həll olunacaq.
Sputnik
BAKI, 29 dekabr - Sputnik. Azərbaycan və Gürcüstan arasında “Keşikçidağ” məsələsi ilə bağlı müsbət irəliləyiş əldə olunub.
Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Gürcüstan parlamentinin Xarici Əlaqələr komitəsində keçirilən dinləmədən sonra jurnalistlərə açıqlamasında deyib.
O, bu məsələnin mütləq strateji tərəfdaşlıq və dostluğa uyğun şəkildə həll ediləcəyini vurğulayıb.
Zurab Pataradze qeyd edib ki, iki ölkənin sərhəd komissiyaları məsələ üzərində işləyirlər və komissiyanın sessiyası pandemiyadan əvvəl keçirilib.
“Bu, mütləq davam edəcək. Mən sizi əmin edirəm ki, bu məsələ iki dost və strateji tərəfdaş ölkəyə yaraşan bir şəkildə həllini tapacaq. Müsbət bir məqam var ki, indi bu barədə danışa bilmərəm. David Qareci (Keşikçidağ-red.) məsələsi mütləq strateji tərəfdaşlara və dostlara uyğun şəkildə həll olunacaq. Gəlin hadisələri qabaqlamayaq”, - diplomat deyib.
Səfir onu da qeyd edib ki, gələn ilin yazında Bakıda Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək.
Onun sözlərinə görə, hazırda Azərbaycan və Gürcüstan liderləri arasında çox yaxşı kommunikasiya var. O, Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin qarşılıqlı rəsmi səfərlər etdiyini xatırladıb. Əlavə edib ki, iki ölkə arasında keçirilməsi planlaşdırılan bir sıra tədbirlər də var.