BAKI, 28 dekabr — Sputnik. Taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatların siyahısı hazırlanacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun tətbiqi barədə" imzaladığı fərmanda əksini tapıb.
Nazirlər Kabineti üç ay müddətində taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatların siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Xatırladaq ki, bir müddət öncə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ölkəmizdə fəaliyyət göstərən taksi şirkətlərinin data bazasını Azərbaycana köçürməklə bağlı tələb irəli sürmüşdü.
Həmin ərəfədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, müavinləri və AYNA-nın sədri "Bolt" şirkətinin prezidenti Yevgeni Kabanov ilə onlayn görüş keçirib. Görüşdə diqqət yetirilən məsələlərdən biri də vətəndaşların fərdi məlumatlarının qorunması, xarici taksi şirkətlərinin datasının Azərbaycanda saxlanması olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.