BAKI, 27 dekabr — Sputnik. Avropa İttifaqının (Aİ) pulları quruculuq işlərinə deyil, müharibəyə sərf olunur və yalnız Ukraynada korrupsiyanın səviyyəsinin artmasına gətirib çıxarır.
Bu barədə RİA Novosti Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun söylədiklərinə istinadən xəbər verib.
"Bu pullar quruculuq işləri üçün deyil, müharibə və Kiyev rejimini dəstəkləmək üçün ayrılır ki, bu pulların da hansı səmərəliliklə, hansı məqsədlərə xərcləndiyi məlum deyil" - Rusiya prezidentinin mətbuat katibi qeyd edib.
Diplomat həmçinin vurğulayıb ki, Avropa və ABŞ elitaları Ukraynadakı korrupsiyanın səviyyəsindən və onlara ayrılan vəsaitlərin oğurlanmasından xəbərdardırlar.
Bu yaxınlarda Peskov Aİ-də Ukraynaya yardım məsələsində ciddi ziddiyyətlərin yarandığını söyləyib.
"Əlbəttə, biz başa düşürük ki, Avropa İttifaqı bu pulun ayrılmasının davam etdirilməsi məsələsində öz daxilində kifayət qədər ciddi ziddiyyətlər yaşayır" - Kremlin nümayəndəsi bildirib.