BAKI, 26 dekabr — Sputnik. Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il artırılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə deputat Vüqar Bayramov öz sosial şəbəkə hesabında bildiirb.
"Müəyyən yoxlamalar istisna olunmaqla digər bütün yoxlamalar 2024-cü ildə də dayandırılacaq. Bu müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar davam etdirilə bilər".
Vüqar Bayramov onu da əlavə edib ki, digər mühüm məqam qanunvericiliyə daha öncə edilən dəyişikliklərə əsasən, yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir. Yəni yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq. Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna ediləcək.
Onu da bildirək ki, bu qanun 2015-ci il noyabrın 1-dən qüvvəyə minib.