BAKI, 25 dekabr - Sputnik. Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin liderləri bugünkü sammitin yekunlarına əsasən, ittifaqın 2030-cu ilə qədər və 2045-ci ilədək olan dövr üçün gələcək inkişafı haqqında Bəyannaməni təsdiqləyiblər.
Rusiya prezidenti Vladimir Putinin qeyd etdiyi kimi, bu, “əsas sektorlarda birgə səylərin intensivləşdirilməsi üçün konkret tədbirləri nəzərdə tutan, həmçinin iqlim gündəmi, tibb, turizm və digərləri kimi əlavə qarşılıqlı fəaliyyət sahələrini müəyyən edən yeni proqram xarakterli sənəddir”.
“Dəfələrlə qeyd etdiyimiz kimi, gələn il Aİİ-nin təsis müqaviləsinin bağlanmasının 10 illiyi tamam olur. Biz indi dar çərçivədə razılığa gəldik ki, bu, yubiley tədbiri olduğunu nəzərə alaraq, 2024-cü ilin mayında Moskvada bu yubileyə həsr olunmuş sammitin keçirilməsi təklifimlə hamı razılaşdı”, - deyə Putin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.
Bazar ertəsi keçirilən görüşdə Avrasiya İqtisadi İttifaqının ötən illər ərzində gördüyü işlərin yekunları və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqının (Aİİ) yubiley sammitinin 2024-cü ilin mayında Moskvada keçirilməsini təklif edib.
Görüşün əsas nəticələri arasında sammit çərçivəsində imzalanan Aİİ və İran arasında azad ticarət sazişi də olub. Rusiya tərəfdən bunu baş nazirin müavini Aleksey Overçuk təsdiq edib.
Aİİ-yə beş dövlət daxildir: Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.