BAKI, 22 dekabr — Sputnik. "Paşinyanın hətta Sankt-Peterburqdakı sammitə də getməsi mümkündür. Onun birdən-birə oyanmış borc hissi, Ermənistanın gələn ildən Avrasiya İqtisadi İttifaqı (Aİİ) sədri postunu tutması təsadüfi deyil". Bu barədə politoloq İlqar Vəlizadə fikirlərini bölüşüb
Politoloq qeyd edir ki, dekabrın 25-də Sankt-Peterburqda İranla Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət zonasının yaradılması haqqında sazişin imzalanması gözlənilir.
İlqar Vəlizadə, arxiv
© Sputnik / Murad Orujov
İlqar Vəlizadə bildirir ki, Ermənistan tərəfinin marağı İranla sərhəd mövqeyindən istifadə edərək Aİİ ilə cənub qonşusu arasında bir növ əsas "təmas zonası"na çevrilməkdir:
"Dekabrın 20-də Ermənistanın baş naziri ilə İran prezidenti arasında telefon danışığı da məhz bununla bağlıdır. İran region ölkələri ilə əlaqələrin artırılması, eləcə də regiondankənar oyunçuların Cənubi Qafqazdakı proseslərə təsirinin azaldılması baxımından israr edir ki, Ermənistan "3+3" formatının gündəliyində fəal iştirak etsin".
Onun sözlərinə görə, İrəvan son vaxtlar Qərblə təmaslarını o qədər intensivləşdirib ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsinin nümayəndələri fevral ayında Ermənistana səfər edib, orada sərhəd təhlükəsizliyi baxımından əməkdaşlıq imkanlarını müzakirə ediblər:
"Avropa İttifaqı isə bəyan edir ki, Ermənistanda kommunikasiyaların bərpasında maraqlıdır. Tehran öz sərhədində dost olmayan ölkələrin bu cür fəaliyyətindən narahat olmaya bilməz və İrəvanı regiondankənar dövlətlərlə deyil, regional ölkələri ilə məhsuldar münasibətlər qurmağa daha çox diqqət yetirməyə dəvət edir".
Politoloq sual edir ki, bəs Ermənistanın hələ də blokadada olduğu bir şəraitdə İran üçün necə rabitəçi ola bilər?
""Sülh kəsişməsi" piardan başqa bir şey deyil. İran bunu yaxşı başa düşür. Ona görə də Tehran üçün Rəşt-Astara dəmir yolu və Zəngəzur dəhlizinin İran hissəsi bu gün Aİİ ilə əlaqəni artırmaq baxımından daha üstün görünür".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.