BAKI, 22 dekabr - Sputnik. Milli Məclisin iclasında “Aviasiya haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev sənədin ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olduğunu deyib.
O, hazırda 2005-ci ildə qəbul edilən “Aviasiya haqqında” qanunun qüvvədə olduğunu qeyd edib. Keçən müddət ərzində aviasiya sahəsində texnoloji yeniliklərin tətbiq edildiyini və bu sahənin tənzimlənməsinə ehtiyac duyulduğunu nəzərə alaraq, yeni qanunun qəbul edilməsinə ehtiyac olduğunu söyləyib.
Bildirilib ki, 15 fəsil, 68 maddədən ibarət qanun layihəsi Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
Diqqətə çatdırılıb ki, sənəddə Azərbaycan Respublikasında aviasiya - mülki, dövlət və eksperimental aviasiyaya bölünür. Mülki və eksperimental aviasiyaya aid hava gəmiləri, aerodromlar, hava limanları, texniki və uçuşların təşkili üçün zəruri olan vasitələr dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər. Dövlət aviasiyasına aid hava gəmiləri, aerodromlar, hava limanları, texniki və uçuşların təşkili üçün zəruri olan vasitələr, habelə hava hərəkətinin təşkili sisteminin obyektləri dövlət mülkiyyətidir. Qeyd olunur ki, aviasiya sahəsində dövlət tənzimləməsinin məqsədi aviasiyada təhlükəsizliyin, bu sahədə görülən işlərin və göstərilən xidmətlərin yüksək keyfiyyətinin təmin edilməsidir.
Qeyd edilib ki, layihədə uçuşların təhlükəsizliyini və aviasiya təhlükəsizliyini təmin etmək, aviasiya təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair dövlət proqramlarını qəbul etmək, hava hərəkətinə xidmət göstərilməsini, aviasiyada telekommunikasiya və informasiya xidmətini təmin etmək, hava limanlarının, aerodromların, aviasiya təşkilatlarının fəaliyyətini, hava hərəkətinə xidmət sistemini tənzimləmək və bu fəaliyyətə nəzarəti həyata keçirmək, mülki aviasiya ilə əlaqədar fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxsləri, aviasiya avadanlıqlarını və vasitələrini sertifikatlaşdırmaq, aviasiya hadisələrini və insidentlərini araşdırmaq, onların qarşısını almaq, habelə uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün maarifləndirmə və məlumatlandırma işlərini görmək, aviasiya hadisələri və insidentlərinin məlumat bazasını formalaşdırmaq və bir sıra digər məsələlərin həlli aviasiya sahəsində dövlətin vəzifələri kimi təsbit olunur.
"Sənəddə aviasiya sahəsində fəaliyyətə dair ümumi və xüsusi tələblər, mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə yığımlar və dövlət rüsumu, aerodromyanı ərazi və onun istifadəsinə dair məhdudiyyətlər, hava limanlarının, aerodromların və helikopter meydançalarının inşası və yenidən qurulması ilə bağlı müddəalar öz əksini tapıb", - deyə deputat əlavə edib.
Müzakirələrin sonunda qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.